Siqaret çəkənlər 500 manat cərimələnsin! – Deputatdan təklif

Bu gün Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

İclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi III oxunuşda müzakirə edilib.

Layihə haqqında məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, layihə Milli Məclisin spikeri Oqtay Əsədovun dəstəyi ilə hazırlanıb. Komitə sədri bildirib ki, qanun layiəsi ilə bağlı dinləmələr keçirilib:

“Hesab edirəm ki, qanun layihəsi plenar iclasa çıxarılaraq qəbul oluna bilər və daha sonra lazım olsa, yenidən qanun layihəsinə qayıtmaq mümkündür. Bu qanun sağlam həyatın təbliği və gənc nəslin sağlam böyüməsinə töhfə verəcək”.

Qanun layiəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa bildirib ki, son zamanlar Milli Məclisdə qəbul edilən qanunlar arasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi mühüm hadisə kimi qiymətləndirilə bilər.

O, qeyd edib ki, buna əməl etməyi düşünən insanların sayı çoxdur: “Hesab edirəm ki, qanun layihəsinin ilkin mərhələdə tətbiqində problem olacaq. Bu baxımdan onun ilkin tətbiqi üçün maarrifləndirməyə ehtiyac var. Lakin ümumilikdə qanun çox yüksək səviyyədə hazırlanıb”.

Daha sonra çıxış edən deputat Məlahət İbrahimqızı deyib ki, qanun hər kəsin hüquqlarını qoruyacaq səviyyədədir. Tütünlə bağlı daha çox şadlıq evlərində xüsusi problemlərin olduğunu deyən M.İbrahimqızı qanunda sərt müddəaların olmasını təklif edib.

Millət vəkili Rövşən Rzayev qanun layihəsinin müasir dövr üçün vacib olduğunu deyib. Deputat qanun layihəsində cərimələrin artırılmasını təklif edib.

“Qanun layihəsində Metropoliten ərazisində tütün məmulatlarından istifadə edənlər üçün 100 manat cərimə nəzərdə tutulub. Lakin metro ərazisində insanların çoxluğunu nəzərə alsaq düşünürəm ki, bu cərimənin 500 manata çatdırılması təqdirəlayiq olar”.(azvision.az)

Yenicag.az

COP29