“Məhsulların üzərində “Made in Azerbaijan” yazılması o demək deyil ki, istehsal prosesi ölkəmizdə lokallaşdırılıb”.
Bunu Azərbaycanda siqaretlərin bahalaşma səbəblərinə aydınlıq gətirərkən iqtisadçı ekspert Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.
O, idxaldan asılılığın yüksək səviyyədə olmasının tütün məhsullarında qiymət artımının əsas səbəblərindən biri olduğunu bildirib:
“Azərbaycanda siqaretlərin bahalaşmasının əsas səbəblərindən biri idxaldan asılılığın yüksək səviyyədə olmasıdır. Məhsulların üzərində “Made in Azerbaijan” yazılması o demək deyil ki, istehsal prosesi ölkəmizdə lokallaşdırılıb. Dünyada isə biz görürük ki, nəqliyyat və logistika zəncirlərində problemlər qiymətlərin kəskin şəkildə artması ilə müşahidə edilir. Belə olan halda idxal məhsullarında qeyri-müəyyənlik yaranır və onların qiymətləri əksər hallarda artır. Ticarətin öz qaydalarını görə, hətta dünya bazarında qiymətin əmələ gəlməsi ilə bağlı artan amillər aradan qaldırılsa belə, məhsulların son qiymətləri enmir. Ona görə də biz hər dəfə dünya bazarındakı qiymət artımının ölkənin daxili bazarında qiymətlərin yüksəlməsinə şərait yaratdığını görürük. İdxaldan asılılıq dayanıqlı şəkildə bizi qiymət artımı ilə üzləşməyə məhkum edir.
Azərbaycanda kredit resurslarına əlçatanlığın aşağı səviyyədə olması idxaldan asılı olmağımızın əsas səbəblərindən biridir. Yəni kredit resusrlarının baha olması istehsal prosesini çətinləşdirir və bu da öz növbəsində idxalın artmasına şərait yaradır. Həmçinin ölkədə daxili bazarın kifayət qədər geniş olmaması rentabelli şəkildə genimiqyaslı istehsalın qurulmasında maneə yaradır. Bu da öz növbəsində regional iqtisadi əməkdaşlığın zəruriliyini diqtə edir ki, ölkədə istehsal olunan tütün və digər məhsullar kifayət qədər bazar əldə etsin”.
Sadiq Cavadov