“Diqtə edilən tələblər qarşısında şəxsə təslim olmaqdan başqa seçim şansı buraxılmır”
Bu fikirləri şübhəli iş təklifləri əsasında xaricə yollanaraq insan alverinin qurbanına çevrilməmək üçün “yüz ölçüb, bir biçməyin” vacibliyindən danışan “Polisə Dəstək” İctimai Birliyinin sədri, istefada olan polis polkovniki Şəmsəddin Əliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, xaricə səfər etmək və ya köçmək istəyən vətəndaşlarımızın müvafiq qurumlarla məsləhətləşməsi onların xeyrinə olar:
“Bir çox hallarda insanları yüksək əməkhaqqı vədi ilə şirnikləndirərək onları tələyə salmaq istəyirlər. Şəxsin müəyyən xərclər qarşılığında böyük qazanc əldə edəcəyi ilə bağlı vədlərə inananlar isə öz sənədlərini tanıyıb-bilmədikləri adamlara təqdim edərək tələyə düşürlər.
Bunu anlayıb geri addım atmaq isə mümkünsüzdür. Diqtə edilən tələblər qarşısında şəxsə təslim olmaqdan başqa seçim şansı buraxılmır. Sadə dillə desək, “hansı hava çalınsa, onu da oynamağa” məcbur olurlar. Yəni insan alverinin qurbanına çevrilirlər.
Belə hallarla qarşılaşmamaq üçün mütləq və mütləq ətraflı araşdıma aparmalı, müvafiq qurumlarla məsləhətləşməli, yeri gəlsə, səfirliklə də əlaqə saxlanılmalıdır. Xaricdə insan alverinin qurbanı olmamaq üçün ən azı internet resurslarındakı materiallardan yararlanmaq zəruridir.
Getmək istədiyiniz ölkədə iş imkanları ilə maraqlanmaq, təhsil almaq istədiyiniz universitetlə, həmçinin yaxın qohumlarla müntəzəm təmasda olmaq vacibdir. İnsan alverinin artdığı və buna qarşı mübarizə aparıldığı dövrdə xaricə yollanmaq planlarını “yüz ölçüb, bir biçmək” lazımdır”.
Nəsimi Ələsgərli