Şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırıldı – AQTA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Mingəçevir şəhəri, Mehman Bəkirov küçəsi, Əşya bazarı ərazisi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ömərov Nəsimi Rövşən oğluna məxsus un məmulatları istehsalı sexində reyd keçirib.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, reyd zamanı müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb. Yoxlama zamanı istifadə edilən xammalların minimum keyfiyyət və təhlükəsizliyini təsdiqləyən sənədlər təqdim olunmayıb.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.