Sistemdənkənar partiyalara DÖVLƏT MALİYYƏSİ: “Gözləntim olmadığından təəssüf hissi keçirmirəm” – REAKSİYA
“Bu partiyaların yaxın zamanlarda dövlət maliyyələşməsində iştirakı hakimiyyətin planlarına daxil deyil”.
Bu fikirləri 2023-cü il büdcə layihəsinə əsasən, Milli Məclisdə təmsil olunmayan partiyaların gələn il də dövlət maliyyələşməsindən kənarda qalmalarına münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədrinin sözlərinə görə, gələn ilin dövlət büdcəsində sistemdənkənar partiyaların dövlət maliyyələşməsinə cəlb olunacaqları haqda gözləntiləri əsaslı deyildi:
“Sistemdənkənar partiyaların dölət maliyyələşməsinə cəlb olunmaları üçün ilk növbədə qüvvədə olan siyasi partiyalar haqqında qanun dəyişdirilməlidir. Mövcud qanuna görə, indiki halda yalnız parlament seçkilərində iştirak edən və təmsilçilik hüququ qazanan, eyni zamanda, mandat qazanmasa da, ölkə miqyasında səslərin üç fazini toplayan partiyalar dövlət maliyyələşməsində yer ala bilərlər.
Son parlament seçkilərinin nəticələrinə əsasən, sistemdənkənar partiyaların heç biri vurğulanan üç faizlik həddi keçə bilmədiyi üçün onlara dövlət büdcəsindən vəsait ayrılması nəzərdə tutulmayıb.
Ümumiyyətlə, parlament seçkilərinə qatılmayan, yaxud da iştirak edən, ancaq qeyd olunan həddə səs toplaya bilməyən partiyaların dövlətdən maliyyələşmələri hər zaman problem olub. Yəni hakimiyyət buna getmək istəmir.
O baxımdan, gələn ilin dövlət büdcəsində sistemdənkənar partiyaların dövlət maliyyələşməsinə cəlb olunacaqları haqda gözləntiləri əsaslı saymırdım. Yəni həmin kateqoriyaya aid partiyaların yaxın zamanlarda dövlət maliyyələşməsində iştirakı hakimiyyətin planlarına daxil deyil. Ona görə də bu məsələdə hər hansı gözləntim olmadığı üçün təəssüf hissi də keçirmirəm”.
A.Zeynalov