“Siyasətçilər mütləq reaksiya verməlidir” tələbinə partiya sədrindən REAKSİYA: “Özüm bilərəm…”

“Əli Əliyevin həbsinə görə insanların “Partiya sədrləri və siyasətçilər mütləq reaksiya verməlidir” tələbini anlamıram. Onu yazan adamlar özləri yazıb, video çəkib paylaşsınlar”.

Bu sözləri Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbs edilməsi və partiya sədrlərinin və siyasətçilərin bir çoxunun buna susqun qalmasının sosial şəbəkədə tənqid olunmasına münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, Əli Əliyevi müdafiə etməyə yer qalmır:

“Partiya sədrləri bu işlə məşğul olmur. Digər tərəfdən mənə müraciət olardısa, o vaxt cavab verərdim, münasibətimi ortaya qoyardım. Belə bir müraciət yoxdur. Bundan əlavə, jurnalistin, deputatın, siyasətçinin, partiya sədrinin toxunulmazlığı yoxdur, qanun qarşısında hamı bərabərdir. Qanunun hər hansısa bir müddəası ilə bağlı ölçü götürülürsə, bunu təpki ilə qarşılamaq lazım deyil. Açığı başqa bir motivlə jurnalistə, partiya sədrinə, siyasətçiyə həbs cəzası verilsə, buna qəribə baxaram. Helikopter qəzası oldu, 14 şəhidimiz var, iki nəfər də yaralanıb. Yaralılar haqqında deyilir ki, onlar orada olmayıb. Şübhə toxumu səpilib. Belə məsələlərlə ehtiyatlı olmaq lazımdır. 14 şəhid ailəsi bu məsələni oxuyur. Adamların evində qan-qaraçılıq olur, nigaran qalırlar. Adam bəzi məsələrdə özünə senzura qoymalıdır. Bu şəxsi fikrimdir, ola bilər kimsə qəbul etməsin. Ona görə də, belə məsələlərdən siyasətdə istifadə etmək doğru deyil. Belə bir hadisə vardı, sən də fərziyələrinlə qarşı tərəfi pis vəziyyətə qoymaq üçün istifadə edirsən. Yanaşma doğrudur. Heç kimin həbs olunmasını istəmirəm. Özüm 8 il həbsdə olmuşam. Allah hamının qapısını açsın, Əli bəyin də qapısını açsın. Əli Əliyevlə isti münasibətimiz vardı.

Bizi qınayan adamların önünü heç kim kəsməyib. Telefonu qoyub qabağına münasibət bildirib, yayırsan. Kiminsə deməyi ilə oturub-duran deyiləm. Özüm bilərəm necə fəaliyyət göstərərəm. Bu məsələyə şəhid ailələrinin travması ilə, yaralanan adamların gözü ilə baxıb susuruq, başqa bir səbəb yoxdur”.

Səxavət Məmməd