“Hörmüz boğazında yaşanan siyasi faktorlu qarşıdurmalar aradan qalxan kimi, Brent markalı neftin ardınca, əlbəttə ki, “AzeriLight” markalı neftin qiymətində də ucuzlaşma baş verib. Yəni Azərbaycan neftinin qiymətində yaşanan son enmə halı da məhz siyasi faktorlarla bağlıdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında “AzeriLight” markalı neftin 3 faizdən çox ucuzlaşmasına münasibət bildirərkən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib:
“Neft birjada satılırsa, onun bir gün qalxan qiyməti, digər gün enə də bilər. Çünki neftin qiyməti hər zaman dəyişən əmtəələr sırasındadır. Azərbaycan neftinin qiyməti isə birjalarda təyin edilmir. Onun həcmi böyük olmadığından birjalara çıxarılmır. “AzeriLight” neftinin qiyməti brentə nisbətdə terminallarda alıcı və satıcı tərəfindən müəyyən edilir. “AzeriLight” neftinin ucuzlaşmasına gəldikdə, brent markalı neftin qiyməti indi 74 dollar olsa da, bir az əvvəl 76 dollar idi. Ona görə ki, Hörmüz boğazı ilə bağlı bir neçə gün ərzində İranla ABŞ arasında ciddi qarşıdurma mövcud idi. Onun da nəticəsində “qara qızıl”ın qiyməti kəskin bahalaşdı. Bu da onunla bağlı idi ki, Hörmüz boğazına dünyada ümumi daşınan neftin 30 faizi düşür. Nəticədə həmin boğazda hərbi konflikt və yaxud İranın müdaxiləsilə hansısa bir problem yaranarsa, neft daşımaları laqistikasında təbii ki, qrafikdən kənarlaşmalar olacaq. Yəni satıcılar vaxtında alıcıya nefti təhvil verə bilmədikdə, yaranmış vəziyyət yeni-yeni problemlərə, yerlərdə neftin defisitinə səbəb olur. Bu səbəbdən də bir müddət əvvəl neftin qiyməti artmışdı. Ancaq sonrakı hadisələr göstərdi ki, İran heç də sözügedən boğazı bağlamaq, Pentaqon da öz hərbi gəmilərilə Tehrana məxsus gəmiləri vurmaq niyyətində deyillər. Belədə prosesdə yaşanan yumşalma halı nəticəsində qiymətlər aşağı enməyə başladı. Yəni siyasi faktorlar aradan qalxan kimi, hansı ki, bu faktorlar həmişə, əsasən də aprelin əvvəlindən neftin qiymətinə kifayət qədər təsir edə bilib, “qara qızıl”ın qiymətində də ucuzlaşmalar müşahidə olunur”.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2,44 dollar, yaxud 3,04 faiz azalaraq, barreli 77,92 dollar təşkil edib. Halbuki bir gün öncə onun qiyməti 80 dollara çatmışdı. Bu müddətdə brent markalı neftin qiyməti isə 74,42 dollar olub.
ELÇİN