Siyasi partiyalara verilən vaxt başa çatdı

Azərbaycanda siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2016-cı il üzrə maliyyə hesabatını təqdimetmə müddəti başa çatıb.

Dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan indiyədək MSK-ya 22-si maliyyə hesabatı təqdim edib.

MSK həmin partiyaların adlarını açıqlayıb. Bunlar hakim Yeni Azərbaycan Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Azərbaycan Liberal Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Kommunist Partiyası, Böyük Quruluş Partiyası, Müsavat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Birlik Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası və Azərbaycan Respublikaçılar Partiyasıdır.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Artıq siyasi partiyalar üç ildir maliyyə hesabatını MSK-ya təqdim edirlər. Əvvəlki illərdə partiyaların bəziləri maliyyə hesabatını təqdim etməsələr də, MSK indiyədək Ədliyyə Nazirliyinə müraciət etməyib. (Trend)

Yeniçağ.az