“Belə görüşlərin davamlı olacağına və milli birliyin qorunub saxlanılmasına olduqca ehtiyac var”.
Bunu Yenicag.az-a açıqlamasında Prezident Admininistrasiyasında dövlət qurumları ilə siyasi partiyaların iştirakı ilə baş tutan görüş barədə danışan politoloq Əlabbas Məhərrəmli deyib.
Onun sözlərinə görə, bu görüş bir neçə baxımdan əlamətdardır.
“Yeni qanunun qəbulundan sonra yaranmış şəraitdə partiyaların fəaliyyəti o, qədər də aktiv deyildi. Ona görə də Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin partiyaları bir araya gətirməsi müsbət addımdır.
Həmçinin görüşdə Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin nümayəndələrinin iştirakı, onların siyasi partiya rəhbərləri ilə birbaşa canlı ünsiyyətləri olduqca əhəmiyyətlidir”, – deyə o əlavə edib.
Politoloq bildirib ki, görüşdə cəmiyyəti narahat edən məsələlərin həllində siyasi partiyaların rolundan danışılıb:
“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin siyasi qüvvələr arasında konstruktiv əməkdaşlığının vacib olduğu fikrini bir daha qeyd edib.
Partiyaların bu xatırlatmanı nə qədər nəzərə alacaqlarını vaxt göstərəcək. Belə görüşlərin davamlı olacağına və milli birliyin qorunub saxlanılmasına olduqca ehtiyac var”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli