YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bu günlərdə verdiyi açıqlamasında bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqil dövlət quruculuğu üçün ciddi maneələrdən biri həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmələri ilə bağlı idi. Yəni onun sözlərindən belə çıxır ki, o zamanlar müstəqillik uğrunda mübarizədə yaranan AXC əslində, Azərbaycanın dövlət müstəqilliyi üçün ciddi maneələrdən biri imiş.
Yenicag.az-a açıqlamasında YAP funksionerinin bu fikirlərinə münasibət bildirən Müsavat Partiyasının başqanı Arif Hacılı S. Novruzovun həmin dövrdə siyasi proseslərdə sıravi insanlardan biri olduğunu qeyd etdi:
“Təəssüf ki, hələ o dövrdə Novruzov baş verən siyasi prosesləri yaxından dərk etmək imkanlarından məhrum idi. Həm də üzərindən uzun illər keçsə də, hakimiyyətə göstərdiyi xidmətə görə aldığı mandatla 20 ildən artıq müddətdə parlamentdə otursa da, onda hər hansı bir inkişaf baş verməyib. Çünki Azərbaycan SSRİ-nin dağılması hesabına müstəqil olmayıb. SSRİ-nin dağılması həm də Azərbaycanda gedən möhtəşəm xalq hərəkatı hesabına baş verib.
Bundan sonra da Azərbaycan Xalq Hərəkatına rəhbərlik etmiş şəxslər müstəqil Azərbaycan dövlətinə rəhbərlik etməyə başladılar. 1992-1993-cü illərdə Elçibəy hakimiyyətinin Azərbaycan xalqının mənafeyi naminə göstərdiyi xidmətin yüzdə birini 24 il ərzində hakimiyyətdə olan qüvvə göstərməyib. Əksinə, indiki hakimiyyət o dövrdə yaratdığımız demokratik cəmiyyəti, həmin dövrdə olan mühüm iqtisadi bazanı, təhsil, səhiyyə sahəsində həyata keçirtdiyimiz islahatları sıradan çıxarıb, məhv etməklə məşğuldurlar. Lakin hələ də məhv edib, tam şəkildə sıradan çıxartmağa nail olmayıblar”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da bildirib ki, YAP-çı deputatdan o dövr haqqında obyektiv fikir gözləməyə dəyməz:
“Siyavuş bəyin dedikləri bu gün baş verənlərin hamısını – mövcud vəziyyəti, narazılıqları, yürüdülən rəsmi siyasət nəticəsində yaranan beynəlxalq və daxili problemləri ört-basdır etmək üçündür. Bunun başqa adı yoxdur. Çünki hamı hər şeyi bilir. Siyavuş Novruzov da belə danışmalıdır…”
Politoloq Zərdüşt Əlizadə isə Novruzovun açıqlamasına ironik şəkildə reaksiya bildirdi:
“Siyavuş bəyin Azərbaycanın müstəqilliyində o qədər böyük xidmətləri olub ki, onun dəyərli fikirlərindən sonra nəsə söyləmək mənim üçün çətindir. O, bütün bu proseslərin mərkəzində olub, hər şeyi idarə edib və görüb. O cür böyük siyasət aliminin dərin təhlilləri qarşısında acizəm”.
ELÇİN