Siyavuş Novruzov Qarabağ mitinqini tənqid etdi: “Guya prezidentə təzyiq göstərirlər”

“Qarabağ qaçqınlarına qarşı mənəvi terror qətiyyən yolverilməzdir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov gündəlikdə olan məsələlərin müzakirəsinə keçməzdən əvvəl söz alaraq bir qrup siyasi partiya və ictimai təşkilatın keçirdiyi Qarabağ  mitinqi haqqında fikirlərini səsləndirib:

“Siyasi kimlikləri bəlli olmayan bəzi təşkilatlar Qarabağ adıyla mitinq keçirirlər. Bu mitinqlərdə onların səsləndirdiyi əsas iddialardan biri guya Qarabağ məsələsində cəmiyyətə heç bir xəbər çatdırılmamasıdır. Mən bildirmək istəyirəm ki, Azərbaycan prezidenti İlham Əliyev ölkənin müxtəlif bölgələrində keçirdiyi görüşlərdə Qarabağ məsələsi haqqında danışaraq ətraflı məlumat verib. Xalq da son prezident seçkilərində İlham Əliyevə səs verərək ona bu danışıqları aparmaq səlahiyyətlərini verib. Buna baxmayaraq, bayaq dediyim kimi, müxalifət qüvvələri Qarabağ adı altında mitinqlər keçirirlər və bu mitinqlərdə səsləndirdikləri fikirlər ondan ibarətdir ki, guya prezidentə təzyiq göstərirlər. Guya ki, İlham Əliyev xarici təşkilatlar qarşısında güzəştlərə getməyə hazırdır, amma bunların təzyiqlərinə görə güzəştli addımlar atmır. Bu nə yanaşmadır? Axı hər kəs bilir ki, belə bir şey yoxdur. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Cənab prezident təkcə Qarabağ məsələsində yox, həmçinin indiki Ermənistanın yaradıldığı tarixi Azərbaycan torpaqları haqqında da dəfələrlə məsələ qaldırıb. Burada diqqət çəkən məsələlərdən biri də odur ki, həmin mitinqin təşkilatçıları Qarabağ qaçqınlarına təzyiq edərək, onların bu Qarabağ mitinqlərinə gəlməməkləri əleyhinə şüarlar verirlər. Ancaq heç kəsin Qarabağ qaçqınlarına qarşı bu cür mənəvi terror həyata keçirməyə ixtiyarı yoxdur. Hər kəs bilir ki, Qarabağ qaçqınları məsul qüvvələrin yarıtmaz siyasətləri nəticəsində qaçqın düşüblər və bu gün onların bu cür çağırışlar etməsinin əsası yoxdur”.

A.Zeynalov