Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR – ŞİKAYƏT

“Yeni Çağ” Media Qrupunun redaksiyasına Siyəzən, Göyçay və digər rayonlarda yerləşən təhsil müəssisələrində çalışan müəllimlərdən şikayət daxil olub.

Saytımızla söhbətində vətəndaşlar əməkhaqqılarının tam ödənilməməsindən şikayətçidirlər.

Xüsusilə Siyəzən, Göyçay və digər rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri bu problemin bir müddətdir ki, həll edilmədiyini bildirirlər. Onlar maaşlarının yalnız əsas hissəsini alsalar da, qanunla onlara çatacaq əlavə ödənişlərin verilmədiyini qeyd edirlər. Müəllimlərin sözlərinə görə, sertifikasiyadan keçən təhsil işçilərinin maaşlarına əlavələrin edilməsi nəzərdə tutulsa da, onlar bu artımı real olaraq əldə edə bilmirlər. Bundan əlavə, müəllimlərə verilən yolpulu ödənişləri hələ də onlara tam şəkildə ödənilməyib.

Müəllimlər məsələ ilə bağlı məktəb direktorlarına müraciət etsələr də, hələlik konkret nəticə əldə olunmayıb. Şikayətçilərin sözlərinə görə, problemin səbəbi və nə vaxt həll olunacağı barədə onlara heç bir rəsmi açıqlama verilməyib. Bu isə müəllimlər arasında narazılığa və qeyri-müəyyənliyə səbəb olub.

Şikayətçilər bildirirlər ki, onsuz da maaşlarının yetərli olmaması səbəbindən çətinlik çəkirlər və sertifikasiyadan keçdiklərinə görə aldıqları artımlar onların maddi durumuna müəyyən qədər kömək etməli idi. Lakin bu vəsaitlərin verilməməsi onların vəziyyətini daha da ağırlaşdırıb:

“Bu il maaşlarda artım olsa da, bu məsələ bizim maaşlara şamil edilmədi. Qəribəsi budur ki, məktəbdə işləyən xadimələrin əməkhaqqılarında belə müəyyən miqdarda artım olsa da, nədənsə, hələlik bizim maaşların barəsində yekun bir qərar yoxdur”, – deyə adının açıqlanmasını istəməyən şikayətçilərdən biri əməkdaşımızla söhbətində bildirib.

Müəllimlər aidiyyəti qurumlardan bu problemin tezliklə həll olunmasını və əməkhaqqılarına əlavə edilən vəsaitlərin tam şəkildə ödənilməsini tələb edirlər.

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlamışıq. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Fəridə Sahib saytımıza açıqlamasında məsələnin nəzarətə götürüldüyünü və bununla əlaqədar açıqlamanın veriləcəyini bildirib.

Xəbər yenilənəcək…