Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın konstitusiya quruluşunu bərpa etmək məqsədi ilə başlatdığı lokal xarakterli antiterror tədbirlərini dəstəklədiyini açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ersin Tatar yazılı açıqlama verib.
“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, erməni silahlı birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirməsi regional sülh və sabitliyə ciddi təhlükə yaradır.
Dost və qardaş ölkə Azərbaycan üçtərəfli bəyanatın müddəalarını təmin etmək, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısını almaq, erməni silahlı birləşmələrini tərksilah edərək Azərbaycan ərazisindən çıxarmaq, onların hərbi infrastrukturunu zərərsizləşdirmək, işğaldan azad olunmuş torpaqlara geri qayıdan mülki əhalinin təhlükəsizliyini təmin etmək və Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etmək məqsədi ilə başlatdığı lokal xarakterli antiterror tədbirlərini dəstəkləyirik.
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında dediyi kimi, Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, – o deyib./Trend/