Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya Nümayəndəliyi “Slavyan ölkələrindəki azərbaycanlılar” adlı layihəyə start verib. Bu barədə ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi Azərbaycan və slavyan xalqları arasında əlaqələrin inkişafına dəstək göstərmək, slavyan ölkələrində yaşayan, təhsil alan azərbaycanlı tələbələr, elm adamlarını Azərbaycan və dünya ictimaiyyətinə tanıtmaqdır.
Bir il müddətinə davam edəcək layihə çərçivəsində slavyan ölkələrindəki tanınmış azərbaycanlılardan müsahibələr alınacaq və mediada yayımlanacaq. 1 ilin sonunda layihə iştirakçılarının Bakıda və slavyan ölkələrinin paytaxtlarında görüşlər təşkil olunacaq, eləcə də onların müsahibələri kitab şəklində çap olunacaq. Layihə çərçivəsində hazırlanacaq yazılar “diasporinfo.com” saytında rus dilində, diaspor.az və “7News.az” saytında Azərbaycan dilində dərc olunacaq.T.Allahverdili aidiyyatı qurumları əməkdaşlığa da dəvət edib. “Bu layihə birbaşa ölkəmizin xaricdə təbliğinə istiqamətlənib. Bu baxımdan bəzi qurumların dəstəyinə ehtiyacımız var”, – deyə o bildirib.