Slovakiya müxalifəti Fitsoya etimadsızlıq səsverməsi HAZIRLAYIR

Slovakiyanın Qərbyönlü müxalifət partiyaları baş nazir Robert Fitso hökumətinə qarşı etimadsızlıq səsverməsi təşəbbüsü irəli sürməyə hazırlaşır.

Yenicag.az xəbər verir ki, TASR agentliyinin məlumatına görə, bu addım yaxın günlərdə həyata keçiriləcək.

Etimadsızlıq təşəbbüsündə Proqressiv Slovakiya, Azadlıq və Həmrəylik, Xristian Demokratlar, Slovakiya, Xalq Naminə və Xristian Birlik partiyalarının deputatları iştirak edəcəklər. Onlar Fitso hökumətini üzərinə düşən vəzifələri yerinə yetirməməkdə və ölkənin siyasi kursunu təhlükə altına atmaqda ittiham edirlər.

Proqressiv Slovakiyanın lideri isə bildirib ki, Baş nazir, demək olar ki, Slovakiyanı tərk edib:

“Ölkədəki problemləri həll etmək əvəzinə, o, dünyanı gəzərək diktatorlarla görüşlər keçirir və dəbdəbəli həyat tərzi sürür. Qonşularımızı və tərəfdaşlarımızı təhqir edir. Slovakiyanın şərqə doğru yönəlməsinə imkan verməyəcəyik”.

Müxalifət həmçinin Fitsonun yalnız Moskvaya qalmaqallı səfəri və Vladimir Putinlə görüşünü deyil, onun 14 illik idarəçilik dövründə yol verdiyi problemləri də əsas səbəb kimi göstərir.

Bundan başqa, müxalifət koalisiya partiyalarını Slovakiyanın xarici siyasət kursunu təsdiqləmək üçün parlamentin növbədənkənar iclasına qatılmamaqla ölkəni maraqsız buraxmaqda tənqid edib. Koalisiya üzvlərinin iştirakı olmadığından müxalifətin iclası açmaq üçün kifayət qədər səsi çatmayıb.

Qeyd edək ki, ötən həftə Slovakiyanın müxtəlif şəhərlərində baş nazir Robert Fitsonun Rusiyayönlü siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyaları keçirilib. Aksiyaçılar hökumətin Qərbyönlü siyasətdən uzaqlaşmasını kəskin tənqid ediblər.