SN-də müəmmalı YOXLANIŞ: Plastik cərrahların sertifikasiyası necə LƏĞV EDİLİB?

Yenicə sevinmişdik ki, saxta plastik cərrahların sertifikasiyasına baxılacaq, qondarma olanlar ələnəcək. Amma bu dəfə də sevincimiz qursağımızda qaldı. Səhiyyə Nazirliyinin məsələni müəmmalı həll etmək cəhdi problemi daha da düyünə saldı.

Belə ki, Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, bu qurumda Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb və komissiya tərəfindən plastik cərrahlar yoxlanılır. Di gəl, həkimlərin bilik və bacarıqları necə yoxlanılır, imtahan hansı qaydada aparılır, sertifikasiyanın ləğv olunma şərtləri nələrdir? Bax, bunu heç kəs bilmir. Hətta sertifikasiyası ləğv edilən həkimlər də. Dediklərinə görə, nə imtahandan keçiriblər, nə çağırıb 1 sual veriblər, heç nə. Bu doktorlar da hamı kimi sertifikasiyalarının ləğv edilməsini saytlardan oxuyublar. Rəsmi qaydada zəng edib söz deyən olmayıb.

Bəs saytlar bu məlumatı haradan əldə ediblər? Bu da müəmmalıdır. Ötən günlərin birində səhiyyə naziri Teymur Musayevin imzası və möhürü ilə bir sənəd yayıldı. Sənəddə də sertifikasiyası ləğv olunmuş 7 həkimin siyahısı.

O zaman belə bir sual da ortaya çıxır: əgər həkimlərə nazirlikdən heç nə deyilməyibsə, bəlkə yayılan bu sənəd saxtadır? Elədirsə, dövləti qurumu bu haqda bir açıqlama verməli deyildimi? Yox, hərgah gerçəkdirsə, niyə nazirliyin rəsmi saytı yazır ki, yoxlamanın nəticəsini gözləyin? Bir yandan gözləyin deyib, o biri yandan sənədi mətbuata sızdırırlar? Belə bir xaosu yaratmaq nəyə xidmət edir?

Digər tərəfdən, doğrudursa, imtahansız-filansız bu 7 həkimin bilik və bacarığını necə yoxladınız? Sorğu-sualsız nəyə əsasən, qərar verdiniz? Bu da başqa bir mövzudur ki, məhkəmə qərarı olmadan səhiyyə naziri sertifikasiya ləğv edə bilərmi?

Bir işi də səliqəli görsələr… Məsələn, ictimai əhəmiyyətini nəzərə alıb Səhiyyə Nazirliyi tərəfindən mətbuat konfransı təşkil edilsə, Xüsusi Təftiş Komissiyasının üzvləri, yoxlamanın şərtləri açıqlansa, proses şəffaf şəkildə həyata keçirilsə olmazmı? Savadı, bacarığı, təcrübəsi yetərli olan plastik cərrahlara yeni sertifikatlar verilər, layiq olmayanlar da ələnər. Yoxsa kimin nə etdiyi bəlli deyil. Şəffaf olmayan hər zad kimi bu yoxlama da, deyəsən, çox su aparacaq…

 

Könül Cəfərli