Snouden Rusiya vətəndaşı oldu – ABŞ-dən reaksiya

Rusiya Prezidenti Vladimir Putinin bazar ertəsi verdiyi fərmanla ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiya vətəndaşlığı verilib.

2013-cü ildə Snouden Amerika və Britaniya kəşfiyyat orqanlarının elektron müşahidə üsulları, habelə onların öz vətəndaşlarının şəxsi məlumatlarını bir-birinə ötürdükləri barədə ictimaiyyətə açıqlama verib.

O, həmçinin iddia edib ki, bu ölkələrin kəşfiyyat xidmətləri xarici dövlətlərin liderlərinin danışıqlarının qeyri-qanuni dinlənməsi ilə məşğuldur.

Snouden ABŞ hakimiyyətinin təqiblərindən qaçaraq, Rusiya da daxil olmaqla, bir sıra ölkələrin hakimiyyət orqanlarına sığınacaq üçün müraciətlər göndərib. 2014-cü ildə o, Rusiya Federasiyasında ilkin yaşayış icazəsi, daha sonra isə Rusiya ərazisində qeyri-müəyyən müddətə qalmaq hüququ alıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Snoudenin Rusiya vətəndaşlığı almasına münasibət bildirib

“Bizim mövqeyimiz dəyişməyib: Cənab Snouden də hər bir ABŞ vətəndaşı kimi mühakimə olunmaq üçün ABŞ-yə qayıtmalıdır”.

Prays bildirib ki, Snoudenə Rusiya vətəndaşlığının verilməsi ilə o, Ukraynada xüsusi əməliyyatda iştirak etmək üçün səfərbər oluna bilər.