SOCAR AQŞ MMC-nin təsisçilərinin ümumi yığıncağının qərarı ilə Ramin İsayev müəssisənin Baş direktoru vəzifəsindən azad edilib.
Şirkətdən Yenicag.az-a verilən məlumata görə, təsisçilərinin qərarına əsasən Samir Mollayev müəssisənin yeni Baş direktoru təyin edilib.
Samir Mollayev yeni təyinatından öncə SOCAR AQŞ-nin səhmdarlarından biri olan Nobel Oil Services şirkətlər qrupunda Qazma Biznesi üzrə Baş Əməliyyat Direktoru vəzifəsində çalışıb. Bu vəzifədə şirkətlər qrupunun qazma biznesinin inkişafı istiqamətində müxtəlif layihələrinin, o cümlədən Nobel Oil Services şirkətinin Qazaxıstanda “Evrika Oleum” şirkətinin neft yatağında quyuların qazılması üzrə idarəetmə xidmətləri və digər layihələrin iştirakçısı olub.
Neft-qaz sənayesi üzrə peşəkar karyerasına 2006-cı ildə Schlumberger şirkətində Quyuların Yoxlanılması Mühəndisi vəzifəsində başlayan Samir Mollayev daha sonra Birləşmiş Krallıqda və Danimarkada Baş Sahə Mühəndisi kimi çalışıb. 2009-cu ildən BP şirkətində “Quyuların qazılması, tamamlanması, test edilməsi, təmiri, geoloji-texniki işlər və quyuların kompleks mühəndislik xidmətləri’’ komandasının yuxarı rəhbəri vəzifəsində çalışan S. Mollayev 2010/2011-ci illərdə ABŞ-da müxtəlif beynəlxalq layihələrdə uğurla iştirak edərək liderlik bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib.
SOCAR AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. SOCAR AQŞ həm Xəzərin Azərbaycan sektorunda, həm də Türkiyədə həyata keçirdiyi qazma əməliyyatlarını uğurla davam etdirir.
Müəssisənin səhmdarları SOCAR, Nobel Oil Services və AQŞ şirkətləridir.