SOCAR imtahan keçirdi

cms-image-000006715Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 19-da ölkəmizin ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təqaüd proqramına namizədlərin seçim imtahanının birinci mərhələsi olan test imtahanını keçirib.

İmtahan Bakı Dövlət Universitetinin I, II və yeni tədris binalarında saat 11.00-da başlayıb və saat 12.00-da başa çatıb.

Qeydiyyat SOCAR tərəfindən aparılıb və 2181 nəfər qeydiyyatdan keçib.

Test imtahanında namizədlərə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı (10-u açıq tipli test tapşırığı olmaqla) təqdim olunub. Hər sual 1 balla qiymətləndirilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə – müsahibədə iştirak edirlər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

SOCAR bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.