“SOCAR-ın istiqrazları əhalini borclandırır” – Ekspert

“SOCAR-ın 150 milyon dollar dəyərində istiqraz satması əslində uğur sayıla bilməz. Bu bir borcdur ki, bizlər düşürük. Bu addım əhalinin borclandırılmasına xidmət edir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında SOCAR-ın 150 milyon dollarlıq istiqraz satmasınıa münasibət bildirərkən iqtisadçı-ekspert Nemət Əliyev deyib:

“İstiqraz vasitəsinin təyinatı odur ki, dövriyyə buraxılan qiymətli kağızlar hesabına əhali və müəssisələrdən pul cəlb edilsin. Ancaq SOCAR kimi bir təşkilatın istiqraz buraxaraq Azərbaycanda müflis vəziyyətdə olan əhali və təşkilatlardan pul yığımına getməsi əlbəttə ki, böyük bir rüsvayçılıqdır. Çünki SOCAR ölkədə maliyyə durumu çox yaxşı vəziyyətdə olan təşkilatdır. Amma həmin şirkəti o qədər biabırçı şəkildə idarə edir, neftdən əldə olunan vəsaitləri sağa-sola o qədər səpələyirlər ki, şirkətdə normal gəlirliyi təmin etmək də mümkün olmur. Odur ki, SOCAR kimi təşkilatın istiqraz buraxmaqla pul yığımı biabırçılıqdan başqa bir şey deyil. SOCAR xam neftin satışından əldə etdiyi milyardlardan ölkədə fəaliyyət göstərən digər təşkilatların ayaq üstə durmasına yardm etməlidir. Lakin təşkilatdakı zəif idarəçilik təəssüf ki, buna imkan vermir.

SOCAR vəd verir ki, bir müddətdən sonra pul verib istiqraz alanlar onu qaytarmaqla faizlə birlikdə pul götürə biləcəklər. Amma əhali ölkəmizdə vaxtilə olan acı bir təcrübənin acısını yenə də çəkməkdədir. Sovet dövrünün sonlarında “Vahid bank” fəaliyyət göstərirdi. Hansı ki, onun təmsilçiləri Azərbaycanda çirkli əməliyyat həyata keçirməklə əhalinin vəsaitini mənimsəyib, sonda da aradan çıxdılar. Son zamanlar isə ölkə bankları əhalini yüksək bank faizlərilə yüklədi. İki böyük devalvasiya nəticəsində isə əhali daha ağır borc yükünə düşdü. Əhali hələ də “Kapital bank”da yerləşdirdiyi əmanətlərini geri ala bilmir. İndi kim zəmanət verə bilər ki, SOCAR-ın istiqrazlar vasitəsilə topladığı pulu müddəti çatanda əhali rahat şəkildə geri ala biləcək? Ona görə də etibar yoxdur.
Hər bir halda bu borc vəsaitidir. SOCAR istiqraz vərəqələrini dövriyyəyə buraxmaqla əhali və müəssisələrdən borc yığır. Yəni həm neft sərvətini satıb milyardlara sahib olur, onu harda gəldi dağıdır, həm də əhalinin cibində qalan vəsaitlərə də göz dikir. Gərək, SOCAR belə bir addıma yol verməyəydi. Əslində, böhran vəziyyətinə düşən müəssisə və təşkilatlar istiqraz buraxırlar ki, onu satmaqla yaxşı olmayan fəaliyyətlərini canlandıra bilsinlər. Ancaq bu halda prosesdə məntiqi gerçəklik tapmaq mümkündür. SOCAR isə həm nefti satmaqla milyardlar qazanır, həm də insanların canına düşüb məcburi şəkildə istiqrazları almağa vadar edirlər”.

Qeyd edək ki, bu günlərdə SOCAR 150 milyon dollar dəyərində istiqraz satıb.

ELÇİN

COP29