SOCAR-ın yeni müqaviləsi Azərbaycana nə vəd edir?

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Konsorsiumunun baş direktoru Saltuk Düzyol jurnalistlərə açıqlamasında bildirib ki, “SOCAR-ın Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan TANAP layihəsində hissədar olaraq 7 faiz paya sahib olub.

Görəsən, bu anlaşma Azərbaycana hansı dividentlər qazandıracaq? Bu müqavilənin iqtisadi və siyasi üstünlükləri nələrdir?

Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Yenicag.az-a açıqlamasında sözügedən prosesin SOCAR-ın maraqlarına cavab verdiyini söyləyib:

“Birbaşa SOCAR-ın deyil, Türkiyədəki törəməsi olan “SOCAR Turkey enerji A. Ş”nin TANAP layihəsində paya sahib olması heç də o demək deyil ki, özü prosesdə iştirak etməyərək kənarda qalır. Sadəcə bu addımla SOCAR öz payının bir hissəsini Türkiyədəki törəmə şirkətinə satır. Yəni əsas şirkəti konsorsiumda malik olduğu 58 faiz payın 7 faizini Türkiyədəki maliyyələri özündə cəmləşdirən törəmə şirkətinə satır. Belə demək mümkünsə, bununla aktivlərini yerbəyer edir. Burada məqsəd o ola bilər ki, artıq Türkiyədə tikilməkdə olan layihələr başa çatır. Həmin layihələr 2018-ci ildən bir-birinin ardınca istismar mərhələsinə keçəcək. Bununla da həmin şirkət bazarda kapital dəyərini dəfələrlə artırmaq niyyəti güdür. Məsələn, ARDNŞ-in birja dəyəri yoxdur. Çünki onun səhmləri birjada fəaliyyət göstərmir. Ancaq dövlət neft şirkətinin Türkiyədəki törəmə şirkəti olan ortağının səhmlərinin bir hissəsi İstanbul birjalarında açıq hərraclarda idarə olunur. Bu baxımdan da SOCAR üçün kapitalının artması çox önəmlidir. Ona görə də öz payının bir hissəsini satmaqla belə bir addıma gedib. Axı kapital artdıqca, onun dəyəri də yüksəlir, belədə kənardan vəsait də cəlb edir. Bu prosesdən səhmləri alan Türkiyə vətəndaşları da divident götürürlər. Ancaq prosesdən əsas sahib olaraq SOCAR da qazanır”.

Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli isə bildirdi ki, bu kimi layihələrdə iştirak üçün müəyyən şərtlər nəzərdə tutulur:

“Belə ki, layihənin icra olunduğu ölkələr layihə sahibləri qarşısında müəyyən şərtlər irəli sürürlər. Amma belə projelərin əsas diqtəedici tərəfi sivil ölkələrdə həmişə layihənin rəhbəri olub. Hamı layihəni həyata keçirən ölkə və yaxud şirkətlə hesablaşır.

Bu mənada Azərbaycanın rəhbəri olduğu layihədə SOCAR-ın özü deyil, törəmə şirkətinin konsorsiumdan 7 faiz pay alması o deməkdir ki, belə bir şərtlə icraçı ölkə olaraq çox güman Türkiyənin özü çıxış edib. Deməli, payın həmin törəmə şirkətə verilməsilə layihənin icra edilməsində işçi qüvvəsinin çalışması və digər məsələlərlə bağlı daha çox xeyiri SOCAR deyil, Türkiyə dövləti və vətəndaşları götürəcək. Yəni SOCAR payı Türkiyə ilə bölüşür. Bu isə Azərbaycan vətəndaşı və onun şirkətinin mənafeyinə ziddir. Hərçənd, Türkiyə ilə ciddi əlaqələrimiz var. Amma məsələ ondadır ki, ölkəyə iqtisadi dividentin gəlməsi kimi məsələlərdə Azərbaycan şirkətləri daha az güzəştlərə getməlidir. Çalışmalıdır ki, törəmə şirkəti olsa da, orada daha çox Azərbaycan vətəndaşları işləsin. Amma əminəm ki, həmin 7 faizlik payın icra olunmasında çalışanların azı 90 faizi Türkiyə vətəndaşları olacaq.

Bu isə layihənin icrasında Türkiyəyə güzəştə getməyimiz deməkdir. Nəyə görə, ölkəmizdə işləyən xarici şirkətlər işə əsasən öz vətəndaşlarını  götürür, amma SOCAR-ın törəmə şirkətində əsasən yalnız Türkiyə vətəndaşları işlə təmin edilir? Həmin törəmə şirkət Türkiyədə fəaliyyət göstərdiyindən məhz bu ölkəyə vergi və xeyir verir, türk vətəndaşını işlə təmin edir. Azərbaycan şirkəti isə bu fonda ancaq ümumi qazanc məsələsində xeyir götürəcək.

ELÇİN

COP29