“SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqəsində (YDM) avtomobilə benzin əvəzinə suyun vurulması ilə bağlı vətəndaşın iddiası təsdiqini tapmayıb.
Bu barədə Report-a “SOCAR Petroleum” QSC-nin İctimaiyyətlə əlaqələr şöbə rəisi Afaq Rza bildirib.
Onun sözlərinə görə, məsələ ilə bağlı dərhal araşdırma aparılıb: “Vətəndaşın iddiası əsasında QSC-yə məxsus bütün yanacaqdoldurma stansiyalarında müvafiq yoxlamalar keçirilib. Nəticədə hər hansı texniki nasazlıq qeydə alınmayıb. Araşdırmalar göstərib ki, səsləndirilən iddia tamamilə əsassızdır”.
A.Rza əlavə edib ki, bu günə qədər “SOCAR Petroleum”a bununla bağlı heç bir rəsmi şikayət daxil olmayıb:
“Videomaterialda yanacağın konkret hansı ünvanda yerləşən YDM-dən alındığı barədə dəqiq məlumatın olmaması da diqqətçəkən məqamdır. Bütün bunları nəzərə alaraq, sürücüləri və ictimaiyyəti sosial şəbəkələrdə “SOCAR Petroleum” QSC-nin işgüzar nüfuzuna və qazandığı müsbət imicə xələl gətirmək məqsədi daşıyan əsassız məlumatlara inanmamağa çağırırıq”.
O, həmçinin qeyd edib ki, bu cür yanıltıcı məlumatların yayılması davam edərsə, “SOCAR Petroleum” mövcud qanunvericiliyə uyğun olaraq hüquqi addımlar atacaq.