“SOCAR Trading” Cənub-Şərqi Asiya bazarına daxil olur

Son zamanlarda neft istehsal edən ölkələrin Çin, Koreya Respublikası, Vyetnam və s. kimi nəhəng bazarlar uğrunda rəqabəti güclənib. Bu baxımdan “SOCAR Trading”in Cənub-Şərqi Asiya bazarında möhkəmlənmək hədəfi təqdirəlayiqdir.

Qeyd edək ki, SOCAR-ın neft və neft məhsullarının satışı ilə məşğul olan “SOCAR Trading” şirkəti yeni alıcılara mayeləşdirilmiş təbii qaz (liquefied natural gas-LNG) təklif edəcək. Şirkət növbəti beş ildə “təmiz ticarət”ə başlaya bilər. Həmin vaxta qədər isə SOCAR Afrika və Cənub-Şərqi Asiya ölkələrində LNG-dən istifadə olunmaqla elektrik istehsal edilən layihələrə diqqəti yönəldəcək.

Yenicag.az xəbər verir ki, mərkəzi ofisi Cenevrədə yerləşən “SOCAR Trading” Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və digər məhsulların bazarlarda satışını təşkil etmək üçün 2007-ci ilin dekabrında təsis olunub. SOCAR–ın İsveçrədəki fəaliyyəti “SOCAR Trading” tərəfindən həyata keçirilir və şirkət bu ölkədə neft məhsullarının satışı bazarında fəal iştirak edir. “SOCAR Trading” İsveçrədə 48 yanacaqdoldurma məntəqəsinə (YDM) sahibdir.

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maye təbii qazın (LNG) satışı sahəsindəki fəaliyyəti neft və qaz təchizatı zəncirində biznesin şaxələndirilməsi strategiyasının təbii davamıdır.

Hazırda dünya bazarında LNG-yə tələbat artır, kiçik və daha böyük LNG layihələri getdikcə daha böyük əhəmiyyət kəsb etməyə başlayır və neft-qaz şirkətlərinin nəzərdən keçirmələri üçün çox sayda variant var. SOCARi artıq LNG ticarəti ilə məşğuldur. Şirkətin LNG satışı sahəsində iştirakı, görünür, neft və qaz təchizatı zəncirində biznesin şaxələndirilməsi strategiyasının təbii davamıdır”, – ekspert deyib.

SOCAR regiondakı, o cümlədən neft-kimya sahəsindəki iştirakını getdikcə genişləndirir. Şirkət bazardakı mövqeyini möhkəmləndirir, bu da gələcək inkişaf və LNG biznesinə mümkün investisiyalar yatırlması üçün zəmin təmin edəcək.

LNG-yə tələbatın artmasının səbəbi əsasən Çin və Hindistandakı iqtisadi artımla əlaqədardır. Ötən il Çində LNG-yə tələbat öncəki ilə nisbətən azalmışdı, bir qədər qeyri-sabitlik var idi. Təbii ki, Avropa da LNG-yə tələbat baxımından digər vacib mərkəzdir, burada artıq idxal üçün əhəmiyyətli imkanlar var. Məsələn, Almaniyanın LNG terminalı yeni güclər əlavə edib, bundan əvvəl isə Polşanın LNG terminalı əlavə güclər təmin etmişdi.

Boru kəməri qazının xüsusən Avropa qitəsində tələbatlı qalmasına baxmayaraq, bəzi əsas bazarlar Hindistanda olduğu kimi, LNG alacaq, Çin isə güman ki, həm boru kəməri qazına, həm də LNG-yə istiqamətlənən idxal strategiyasını davam etdirəcək.

Belə şəraitdə SOCAR Trading”-in Cənub-Şərqi Asiya bazarında möhkəmlənmək səyləri və çevik siyasəti təqdirəlayiqdir.