Soçi görüşü: Nə gözləyirdik, necə oldu? – ŞƏRH

“Putin Soçi görüşündə İlham Əliyevi və Nikol Paşinyanı yenidən Rusiyanın təsir dairəsinə sala bilmədi”.

Bu sözləri Soçidə keçirilən üçtərəfli görüşün nəticələrini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiya Soçi görüşündə münaqişəni Qərbin əlindən ala bilmədi:

“Soçi görüşündən əvvəl təşəbbüs Brüssel, Praqa, Vaşinqtonun əlində idi. Bu paytaxtlar münaqişənin taleyini həll edirdi. Putin Soçi görüşünü təşkil etməklə təşəbbüsü əlinə almaq istəyirdi. Fakt göründü ki, Putin istədiyinə nail ola bilmədi.

Birinci nəticə odur ki, Putin təşəbbüsü əlinə ala bilmədi. İlham Əliyevi və Nikol Paşinyanı yenidən Rusiyanın təsir dairəsinə sala bilmədi.

Sual yaranır ki, İlham Əliyev nə üçün heç bir nəticə gözlənilməyən Soçi görüşünə getdi? Onun qarşısında imkanlar var idi ki, Soçiyə getməsin. Nikol Paşinyanla Putinin görüşü başlayanda Azərbaycanın hərbi dronları Qarabağdakı qanunsuz hərbi birləşmələrin mövqelərini bombalasın. İlham Əliyev istəsə, çox şey edə bilərdi. Ancaq etmədi. Getdi ora, mədəni şəkildə oturdu, dinlədi, hamının üzünə güldü, qayıtdı. Bunun tərcüməsi odur ki, hadisələrin gedişi indiyə qədər gedən səmtdə davam edəcək. Bu səmt Azərbaycanın xeyrinədir. Çünki Rusiya sülhməramlılarının mandatı müəyyənləşməyib. Vaxt durmadan gedir, 2025-ci il yaxınlaşır, Rusiya sülhməramlıları Azərbaycanı tərk edəcəklər. Bu da Azərbaycana xeyirdir.

Digər tərəfdən Nikolun vəziyyəti çox ağırdır. Rusiya Nikola qarşı qüvvələri səfərbər edib. Hələlik hərbi çevrilişə, terror aktına getmir, ancaq küncə sıxıb, manevr imkanı vermir. Qərb açıq dedi ki, Qarabağ məsələsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etmək lazımdır.

İlham Əliyev yavaş-yavaş Ərdoğanla bir yerdə Qarabağı tikir, qurur. Yollar çəkilir, elektrik stansiyaları tikilir, bir müddət sonra da camaat qayıtmağa başlayacaq.

Nikolun siyasəti isə hələlik hakimiyyətdə qalmaqla bağlıdır. Qərb də ona rəğbətini açıq göstərir. Hələlik söz verirlər ki, pul ayıracaqlar, ancaq ayırmırlar, çünki layihələr ortada deyil. Həmin pullar nəqliyyət dəhlizlərinə xərclənməlidir.

Hesab edirəm ki, hadisələr Azərbaycanın xeyrinə inkişaf edir. Əlbəttə, bu daha səmərəli ola bilərdi”.

Səxavət Məmməd