Soçi görüşü Qərbi iki dəfə düşünmək məcburiyyətində qoydu

Beləliklə, Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutdu. Görüşdə tərəflər bir sıra məsələlər üzrə razılığa gəliblər.

Görəsən, bu görüşdən nə hasil oldu?

Politoloq Natiq Miri Yeniçağ.az-a açıqlamasında Soçi görüşünü çox əhəmiyyətli bir görüş kimi dəyərləndirdi:

“Türkiyə və Rusiya prezidentləri arasında Soçidə keçirilən görüşü çox səmərəli hesab edirəm. Çünki ABŞ səfəri öncəsi Türkiyə dövlət başçısı Ərdoğanın Soçi səfəri fikrimcə çox əhəmiyyətli olub. Yəni Soçi görüşü Türkiyənin NATO üzrə strateji müttəfiqi olan ABŞ-a bir mesaj oldu. Ki, Ankara regionda başqa bir qlobal güclə də ortaq dil tapa və problemlərin həllində müəyyən irəliləyiş əldə edə bilər. Bununla Ankara ən azından Vaşinqtona alternativin olduğunu anlatdı.

İkinci bir tərəfdən, Rusiya-Türkiyə münasibətlərində irəliyə doğru ciddi addım atıldı. Bu iki ölkə arasında ticarət əməkdaşlığında mövcud olan bir çox məhdudiyyətlər götürüldü. Doğrudur, kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı məsələsi tamamilə həllini tapmadı. Bu da ondan irəli gəlir ki, Rusiya Türkiyəyə tətbiq etdiyi embarqo çərçivəsində ölkəsini daxili imkanlar hesabına aqrar məhsullarla təmin etmək üçün bir sıra islahatlar apardı və sahəyə ciddi investisiyalar qoydu. Suriya məsələsi ətrafında birmənalı açıqlamalar verilmədi. Ancaq bəlli oldu ki, Suriyada təhlükəsizlik bölgələri yaradılır. Hansı ki, həmin təhlükəsizlik bölgələri də bir növ regiondakı güclər arasında təsir dairəsinə bölünür. Düşünürəm ki, Suriyada siyasi danışıqlar prosesinə başlamaqla bağlı Soçidə Ankara ilə Moskva arasında razılıq olub. Zənn edirəm ki, PKK-nın Suriya qoluna Moskvanın dəstəyi məsələsi də həmin görüşdə müzakirə obyektinə çevrilib. Ankara birmənalı olaraq bəyan edib ki, terrorçuların heç bir vəchlə Türkiyə sərhədi boyu yerləşmələri və aktiv fəaliyyət göstərmələrinə imkan verməyəcək.

Bilirsiniz ki, PKK-nın Suriya qolu olan YPQ-yə ABŞ və Rusiya müəyyən mənada himayədarlıq edirlər. Ona görə də fikrimcə, Ərdoğan birmənalı olaraq Rusiya prezidentindən kürd terrorçularına dəstəyi aradan qaldırmağı istəyib. Ola bilsin bu istiqamətdə konkret anlaşma da olub. Çünki mətbuat konfransında Türkiyə prezidenti belə bir ifadə işlətdi ki, müsbət nəticələri yaxın zamanlarda görəcəksiniz. Müsbət nəticələrdən danışanda düşünürəm ki, Ərdoğan təkcə ticarət və iqtisadi əlaqələri deyil, həm də Suriya ilə bağlı əməkdaşlıq məsələsində də ciddi irəliləyişin olduğunu nəzərdə tutub. O baxımdan Ankara ilə Moskva arasında baş verən bu görüş bütövlükdə region, eyni zamanda Türkiyənin özü üçün çox müsbət və əhəmiyyətli bir haldır. Həmin görüşdə əldə olunan siyasi nəticələr qətiyyən diqqətdən qaçmayacaq. Qərb Türkiyəni birmənalı olaraq Rusiyaya tərəf itələməmək üçün iki dəfə düşünmək məcburiyyətində qalacaq. Fikrimcə, Soçi görüşü məhz bu baxımdan da ciddi əhəmiyyət daşıyır”.

ELÇİN

Yeniçağ.az