Soçi görüşündə Putinin təhsili siyasiləşdirmək İSTƏYİ: “İngilis dilinə üstünlük verməliyik”

“Putinin iki ölkənin münasibətlərində qonşuluq və iqtisadi əlaqələrə əsaslanan fikirlər səsləndirməsi daha məqsədəuyğun olardı”.

Bu sözləri Azərbaycan və Rusiya liderlərinin Soçidə keçirilən görüşündə çıxış edən Vladimir Putinin səsləndirdiyi “Azərbaycan məktəblərində uşaqların 34%-nin rus dilində təhsil alması bu xalqın Rusiya Federasiyası ilə sıx əlaqə saxlamaq istəyindən xəbər verir” fikirlərini dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspert bildirib ki, Putin səsləndirdiyi fikirlə hər iki ölkənin ortaq dil kimi rus dilinə üstünlük verdiyini qeyd etmək istəyib. Lakin bu yanaşma doğru deyil:

“Ölkədə Azərbaycan dili ilə yanaşı, digər dillərin də tədris olunması hər kəsə məlumdur. Digər dillər sırasında rus dili üstünlük təşkil edir. Azərbaycanda təxminən 130 minə yaxın şagird rus dilində təhsil alır. Ümumilikdə təhsil müəssisələrinin isə hardasa 340-a yaxını rus dillidir. Bu, 160 mindən çox şagirdin sırf rus dilində təhsil alması deməkdir. Ölkədə fəaliyyət göstərən orta ümumi təhsil müəssisələrində təhsil alan təxminən 1 milyon 600 minə yaxın şagirddən 450-460 min nəfəri məhz rusdillidir. Nəticədə ölkədə rus dilində təhsil alan şagirdlərin sayı 34-35 faiz təşkil edir. Həmçinin ali təhsil və orta-ixtisas təhsil müəssisələrində də rus bölmələri mövcuddur. Yəni, ölkə təhsilində rus bölməsinə maraq çoxdur və eyni zamanda rus dilini öyrənmək istəyənlərin sayı kifayət qədərdir. Bir çox məktəblərdə ingilis və fransız dilləri ilə yanaşı, rus dili hakim səviyyədədir. Hər zaman rus dilinin ölkəmizdə bu səviyyədə hakimliyinə qarşı çıxsam da, Rusiya prezidenti Putinin səsləndirdiyi fikirlərdə həqiqət var. Qarşıdakı illərdə 34-35 faizlik göstəricinin aşağı salınmasına çalışmaq lazımdır. Biz ingilis dilinə üstünlük verməliyik və tədrislərin əksəriyyəti bu dildə olmalıdır. Rus dili isə şagirdlərə yalnız xarici dil kimi öyrədilməlidir.

Soçi görüşündə məsələnin siyasiləşdirilməsi isə doğru deyil. Çünki rus dilində təhsilin alınması o demək deyil ki, Azərbaycanın Rusiya ilə əlaqələrində bu amil nəzərə alınmalıdır. Və ya mövzunu Rusiyanın nüfuzu kontekstində qələmə vermək düzgün deyil. Ona görə ki, ölkəmizdə ingilis dilində tədris də geniş yayılıb. Təhsilin siyasiləşdirilməsinə yol verilməməlidir. Putinin iki ölkənin münasibətlərində qonşuluq və iqtisadi əlaqələrə əsaslanan fikirlər səsləndirməsi daha məqsədəuyğun olardı”.

Gülşən Şərif