“Söhbət musiqidən gedir”: Miri Yusif sevənlərini xoş ifalarına qonaq etdi – VİDEO

Konsertdən əvvəl “Xəzər TV”-də yayımlanan “Söhbət musiqidən gedir” verilişində qonaq olan xalq artisti Miri Yusif sevənlərini xoş ifalarına qonaq edib. Yaddaqalan və fərqli səsləndirmə tərzi ilə sevilən müğənni uşaqlarından danışanda sentimental anlar yaşayıb.

Aparıcı Leyla Quliyevanın “daha çox hansı övladınız sizin yaradıcılığınızı sevir?” sualına böyük oğlu Mirhüseynin ruhuna yaxın olduğunu qeyd edib: ”O çox həssas uşaqdır və mənim musiqilərimi yaxından duyur. Balaca oğlum isə çox dəcəldir”.

Miri Yusif sənətdə nailiyyətlər qazanmasında valideynlərinin və ailəsinin ona verdiyi dəstəyin əvəzsiz rol oynadığını bildirib: “Onlar həmişə mənə inanıb, yanımda oldular. Hətta bacım Günay Mirbabayeva mənim ansamblımda çıxış edir”.

3 gün davam edəcək konsertindən danışan müğənni bildirib ki, “Dəyirman” qrupu dağıldıqdan sonra repertuarına daxil etdiyi bütün mahnılarını canlı ifa edəcək: “Belə məsuliyyətli çıxışlarımdan əvvəl mən daha çox tək qalmağı sevirəm, öz dünyama çəkilirəm. Bu mənə rahatlıq bəxş edir”.

Müğənni konsert öncəsi həmişə ruh əkizlərinə səslənir: “Mən onların varlığını hiss edirəm. Musiqini duyan və eyni zamanda anlayanları xüsusi qrupa aid edirəm”.

Ürəyinin sözünü mahnı ilə deməyi bacaran sənətkarlardan olan Miri Yusif verilişdə aparıcı Leyla Quliyeva ilə birlikdə “Xatirə” mahnısını ifa edib.

“Məktub” mahnısını 2 saat ərzində yazdığını qeyd edən müğənni müharibə dönəmində bu musiqinin çox aktual olduğunu qeyd edib. Verilişin sonunda Miri Yusif 3 günlük konsertində ruh əkizlərinin qarşısında möhtəşəm performansla çıxış edəcəyini bildirib.