“Şöhrətpərəstliyə görə keçmişi təhrif edirlər” – Sabit Bağırov

Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılması və fəaliyyətinin ilkin dövrünə dair mübahisələr yenidən vüsət alıb.

Yenicag.az xəbər verir ki, hazırda Türkiyədə mühacirətdə olan keçmiş hərəkatçı, qısa müddətdə Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri olmuş Beycan Fərzəliyevin “Qaynar qazan”a müsahibəsində özünü ötən əsrin 80-ci illərin sonlarında cərəyan etmiş proseslərin az qala əsas fiquru kimi təqdim etməsi əks reaksiyalar doğurmaqdadır. Bir neçə hissədən ibarət olan müsahibəsində yaxın keçmişdə baş verənləri təsvir edən Fərzəliyevin proseslər və fərdlərlə bağlı dediklərinə hərəkat iştirakçılarının münasibəti müxtəlifdir.

Fərzəliyevin qeyd olunan müsahibəsində haqqında danışdığı hərəkatçılardan biri olan millət vəkili Fərəv Quliyev Yenicag.az-a açıqlamasında keçmişə qayıtmaq istəmədiyini deyib:

“O hadisələrin üstündən 30 ilə yaxın vaxt keçib. İndi yenidən o dövrə qayıtmağa, danışılanlara münasibət bildirməyə ehtiyac görmürəm. İrəli baxmaq lazımdır”.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən AXC İdarə Heyətinin üzvü olmuş Sabit Bağırov isə bildirib ki, bəzi hərəkat iştirakçılarının yaxın tarixlə bağlı qeyri-obyektiv açıqlamaları təəssüf doğurur:

“Mən Beycan Fərzəliyevin AXC-də fövqəladə bir fəaliyyət göstərdiyini xatırlamıram. O, daha çox mərhum Əbülfəz Elçibəyə yaxın şəxs hesab olunurdu. Onun evində kimlərin toplaşdığını, hansı yığıncaqların olduğunu bilmirəm. Ancaq AXC-nin rəsmi iclasları başqa yerlərdə keçirilirdi. Onun Naxçıvanda baş nazir təyin olunmasına AXC razılıq verib. Lakin mərhum Heydər Əliyev onun fəaliyyətindən narazı qaldığı üçün vəzifədən azad etdi, o da bundan sonra Türkiyəyə getdi. AXC-nin yaradılmasından i28 il keçib. Bu tarix üçün elə də böyük zaman deyil. O proseslərdə iştirak edənlərin çoxu həyatdadır. Ancaq kimlərsə şöhrətpərəstliyə görə yaxın keçmişi təhrif edirlərsə, bu, əlbəttə yolverilməzdir”.

A.Zeynalov

Yenicag.az

COP29