Sökülən evlərlə bağlı NARAZILIQ: “Bütün sövdələşmələr yazılı qaydada aparılmalıdır ki…”

“Tikinti şirkətləri hər hansı ərazidə əhali arasında sorğu keçirməzdən öncə qanunda qeyd olunmuş qaydada vətəndaşlara yazılı şəkildə bildiriş verməlidirlər”.

Bu fikirləri Bakıda evlərin söküntüsü prosesində tikinti şirkətləri və vətəndaşlar arasında yaranan problemlər haqda danışan əmlak məsələləri üzrə eksperti Elnur Azadov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, evləri sökülən vətəndaşlara kompensasiyaların verilişi ciddi problemə çevrilib:

“Bu gün minlərlə vətəndaş köhnə yaşayış yerlərində-istismar müddəti bitmiş beş və daha çox mərtəbəli binalarda məkunlaşıb. Bakı şəhərinin yeni Baş planı da artıq hazır olduğundan, vətəndaşların bu istiqamətdə böyük gözləntiləri var. Paytaxtda bir çox ərazidə boş torpaq sahələrinin qalmaması tikinti şirkətlərinin köhnə binaların söküntüsünə marağını xeyli artırıb. Burada əhalinin köçürülməsi və kompensasiyaların verilməsi olduqca ciddi problemə çevrilib.

Nəticədə bir çox hallarda vətəndaşların hüquqları pozulur. 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin pilot layihələrlə bağlı sərəncamı var. Burada kompensasiya məbləği 10-15 faiz, əsasən, qəzalı vəziyyətdə olan binalar nəzərdə tutulmuşdu. Lakin həmin sərəncam qismən qüvvədən düşüb. Bəzi tikinti şirkətləri həmin sərəncama istinadən əvəzləşən kompensasiya məbləğini 15-20 faiz təmin edirlər. Verilən konpensasiya kvadrat metr hesabı ilə ödənilir. Lakin otaq sayının bölüşdürülməsi tikinti şirkələri tərəfindən qanunvericiliyə uyğun aparılmır. Şirkətlər 50 kvadrat metrlik mənzilin əvəzinə, 60-70 kvadrat metrlik mənzil versələr də, otaq sayları düzgün paylanmır.

Dəhliz və eyvan hissələri olduqca böyük götürülür. Adətən, mətbəx hissəsi çölə deyil, sanitar qovşağa yerləşdirilir. Təbii ki istehlakçı gələcəkdə bundan əziyyət çəkir. Xatırladım ki, əvvəlki illərdə bir çox hallarda mənzilin kvadrat metrinə görə 1500 manat verilirdi. Bu məbləğ də əmlakın yerləşdiyi ərazidən asılı olaraq dəyişə bilir.

Tikinti şirkətləri hər hansı ərazidə əhali arasında sorğu keçirməzdən öncə qanunda qeyd olunmuş qaydada vətəndaşlara yazılı şəkildə bildiriş verməlidir. Fərdlər heç bir halda şifahi söhbətlər aparmamalı, bu prosesə hüquqşünas cəlb etməli və aparılan danışıqlarda onun iştirakını təmin etməlidir. Bütün sövdələşmələr yazılı qaydada aparılmalıdır ki, vətəndaşa verilən kompensasiyalar sənədlərdə öz əksini tapsın”.

İsmayıl Bakuvi

COP29