Sökülmüş binalarda evi olanlara YENİ GÜZƏŞTLƏR tətbiq ediləcək

Sökülmüş binalarda evi olan şəxslərə yeni güzəştlər tətbiq ediləcək.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, fiziki şəxs sökülmüş binada yerləşən yaşayış sahəsində azı 3 təqvim ili ərzində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatda olduğu halda, sökülmüş binanın yerində tikilən yeni binadan həmin fiziki şəxsə verilən yaşayış sahəsinin təqdim edilməsinə də sadələşdirilmiş vergidən azadolmalar və güzəştlər tətbiq edilir.

Bu zaman sadələşdirilmiş vergidən azadolma yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında fiziki şəxsin sökülmüş yaşayış sahəsinin sahəsi həddində (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış sahəsinin 20 faizi həddində artıq sahə üzrə) tətbiq edilir.