Solikamskda Azərbaycan diasporu Novruz bayramını təntənəli şəkildə qeyd edib

Rusiyanın Solikamsk şəhərində Azərbaycan diasporu Novruz bayramını təntənəli şəkildə qeyd edib.

Yenicag.az xəbər verir ki, Azərbaycan diasporunun təşkilatçılığı ilə təşkil olunan bayram tədbirində Azərbaycan diaspor nümayəndələri, şəhər sakinləri, yerli hakimiyyət orqanlarının rəsmi şəxsləri və Azərbaycandan gəlmiş nümayəndə heyəti iştirak edib.

Tədbirdə Azərbaycan və Rusiya dövlət himnləri səsləndirilib.

Novruz şənliyində Solikamsk şəhər icra hakimiyyəti başçısının birinci müavini Tatyana Qorx, millət vəkili İlya Kuzmin Paviloviç, həmin şəhərdə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri Uğur Əfəndiyev, diasporun ağsaqqallar şurasının sədri Mütalib Bayramov, Perm diasporunun sədri Çingiz İsayev, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdiyev, Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının (ASGA) sədri Səbuhi Abbasov, “YeniÇağ media Group”un rəhbəri Aqil Ələsgər və Cənubi Qafqazın ilk ixtisaslaşmış xəbər kanalı olan “ARB-24”-ün baş redaktoru Allahverdi Şəfiyev iştirak ediblər.

Tədbirində çıxış edən Solikamsk şəhər İcra Hakimiyyəti başçısının birinci müavini xanım T.Qorx və millət vəkili İ.K.Paviloviç Azərbaycan və Rusiyanın ortaq mədəni dəyərlərə malik olduğunu vurğulayıb. Onlar azərbaycanlıların Rusiyada öz milli ənənələrini qoruyub yaşatdıqlarını xüsusilə qeyd ediblər. Eyni zamanda, Solikamskda yaşayan və fəaliyyət göstərən Azərbaycan diasporunun sədri Uğur Əfəndiyevin yerli icmanın işində yaxından iştirak etdiyini bildiriblər. U.Əfəndiyevin Rusiyada dövlətçiliyimiz və mədəniyyətimizin təbliği fonunda aktiv fəaliyyət göstərməsi xüsusi olaraq qeyd edilib.

Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdiyev və ASGA sədri Səbuhi Abbasov çıxış edərək Azərbaycanın milli mədəniyyətindən söz açıblar.
Uğur Əfəndiyev Azərbaycan diasporuna verdikləri dəstəyə görə şəhər rəhbərliyinə təşəkkür edib. O, Azərbaycan Diasporu İnformasiya Mərkəzi və Azərbaycan Slavyan Gənclər Assosiasiyası tərəfindən hazırlanmış “Təşəkkür” plaketini xanım Tatyana Qorxa təqdim edib.

Eyni zamanda, “Təşəkkür” plaketi Solikamsk şəhər İcra Hakimiyyətinin başçısına, Solikamskda Azərbaycan diasporunun sədri Uğur Əfəndiyevə və Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayevə də təqdim edilib.

Daha sonra U.Əfəndiyev, Ç.İsayev və A.Şəfiyev də çıxışlarına bahar bayramı münasibəti ilə Rusiyada yaşayan azərbaycanlıları və tədbir iştirakçılarını təbrik ediblər. Onlar Novruz bayramının birliyi, həmrəyliyi və saflığı təcəssüm etdirdiyini qeyd ediblər.

Sonda tədbir iştirakçıları U.Əfəndiyevin təşkil etdiyi ziyafətə qatılıb.

COP29