Son illərin ən çox müzakirə olunan mövzularından biri – COVID-19 peyvəndlərinin mümkün yan təsirləri ilə bağlı yeni elmi araşdırma aparılıb.
Yenicag.az xəbər verir ki, “Yale” Universitetinin alimləri peyvənddən sonra bəzi insanlarda yaranan xroniki sağlamlıq problemlərinin səbəblərini araşdırıb.
Nəticələrə əsasən, peyvənd sonrası sindrom (PVS) yaşayan şəxslərdə müəyyən immun dəyişikləri müşahidə olunub.
Professor Mark Siqelin sözlərinə görə, peyvənd sonrası sindrom reallıqdır və bu cür hallara COVID-19 da daxil olmaqla, bir çox vaksindən sonra rast gəlinir.
Aparılan araşdırmada 42 PVS-li xəstə və sağlam nəzarət qrupundan olan 22 nəfərin qan nümunələri təhlil edilib. Məlum olub ki, simptomları olan şəxslərdə bəzi ağ qan hüceyrələrinin səviyyəsi aşağıdır. Bundan əlavə, COVID-19 keçirməmiş və peyvənd sonrası sindrom yaşayan şəxslərdə SARS-CoV-2 virusuna qarşı antikor səviyyəsinin də daha aşağı olduğu aşkarlanıb.
Mütəxəssislər qeyd edir ki, bu vəziyyət peyvənd dozalarının az alınması və ya immun sisteminin yetərincə müdafiə reaksiyası verməməsi ilə əlaqəli ola bilər. Bundan əlavə, bəzi xəstələrdə virusun hüceyrələrə daxil olmasına imkan yaradan spayk proteininin yüksək səviyyədə olması da diqqət çəkir.
Elm adamları bildirirlər ki, bu nəticələr peyvənd sonrası sindromun səbəblərini daha yaxşı anlamağa kömək edə bilər. Lakin məsələ ilə bağlı əlavə tədqiqatlara ehtiyac olduğu vurğulanır.