Son aksiyalar və siyasi dialoq mühiti: “İndi daxili birliyə daha çox ehtiyac var” – Millət vəkili

“Biz qurucu müxalifət olaraq, islahatların və hakimiyyətə sivil yollarla gəlməyin tərəfdarıyıq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər ölkədə müşahidə olunan gərginliyin siyasi dialoq mühitinə təsirinə münasibət bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev deyib.

Fərəc Quliyevin sözlərinə görə, ölkənin indiki vəziyyətində gərginliyin artırılmasına səbəb olan hərəkətlərdən çəkinmək lazımdır:

“Ölkədə qeydiyyata alınmış 55 partiyadan sadəcə, birinin tərəfdarları ölkədə qarışıqlıq salmaq istəyirlərsə, bu, o demək deyil ki, dövlətin siyasəti dəyişəcək. Vəziyyəti şişirdirlər. Gördük, aksiyaya nə qədər adam çıxmışdı. Böyük gücü olan, böyük layihələrlə çıxış etmək istəyən siyasi partiya kütləvi aksiya üçün ona təklif olunan yerdə tədbirini keçirməli, fikirlərini orada bəyan etməlidir.

Aksiya üçün Lökbatanda yer verilmişdi. O adamlar bilərəkdən, ya bilməyərəkdən ölkənin maraqlarına qarşı çıxış edirlər. Azərbaycanın Qarabağ kimi problemi var. Torpaqlarımızı işğaldan azad etmək üçün bütün dünyadan dəstək alıb, ictimai rəyi öz xeyrimizə formalaşdırmaq istəyirik ki, sabah hərbi əməliyyatlar keçirəndə, bizə irad tutulmasın.

Belə bir vəziyyətdə daxili birliyə çox ciddi ehtiyac var. İstənilən partiya ölkədə sərbəst toplaşma hüququndan istifadə edə bilər. Hər bir siyasi partiyanın hakimiyyətə gəlmək istiqamətində fəaliyyət göstərməsi normal haldır”.

Baş verən son qarşıdurmanı “ürəkbulandırıcı” hal adlandıran Fərəc Quliyev vurğulayıb ki, bu hadisələr ölkədə davam etdirilən islahatların qarşısını ala bilməyəcək:

“Hüquq-mühafizə orqanları tərəfindən bu cəhdin qarşısı alındı və məsələ bitdi. Üç yüz-beş yüş yüz, lap bir neçə min adam 10 milyonluq xalqın iradəsini ifadə edən qüvvə kimi tanına bilməz. Hesab edirəm ki, onların dedikləri də, elədikləri də doğru deyil.

Belə hadisələrlə islahatların qarşısını almaq mümkün olmayacaq. Biz qurucu müxalifət olaraq, islahatların və hakimiyyətə sivil yollarla gəlməyin tərəfdarıyıq. Belə vəziyyətə uyanlar, aldananlar, meydana çıxanlar milli maraqları göz önünə gətirsinlər”.

COP29