Son sutka ərzində dünyada koronavirus infeksiyasına təxminən 73 min insan yoluxub, təxminən 5 min nəfər də bu virusun qurbanı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.
02 aprel tarixi, Cenevrə vaxtı ilə saat 10:00-a (Bakı vaxtı 13:00) olan statistikaya görə, dünyada 896 450 nəfər yeni növ koronavirusa yoluxub, 45 526 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 72 839 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 4924 nəfər artıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb – 503 006 yoluxma və 33 604 ölüm. Sutka ərzində burada yoluxanların sayı 38 809, ölənlərin sayı isə 3515 nəfər artıb.
Şimali və Cənubi Amerikada ümumilikdə 216 912 nəfər koronavirusa yoluxub, 4565 nəfər ölüb.
Yoluxma sayı üzrə üçüncü yeri Çin, Koreya Respublikası və Yaponiyanın daxil olduğu Qərbi Sakit okean bölgəsi tutur. 02 aprel tarixinə olan məlumata görə, burada 107 626 yoluxma, 3723 ölüm faktı qeydə alınıb.
ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 187 302 nəfər. Onun ardınca İtaliya (110 574), İspaniya (102 136), Çin (82 724) və Almaniya (73 522) gəlir.