SON DƏQİQƏ! Mixeil Saakaşvili cəzaçəkmə müəssisəsinə belə gətirildi – 6 il HƏBS / VİDEO

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili üç məhkəmə instansiyası tərəfindən təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Gürcüstanın Baş Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, məhkəmə qərarlarının icrası üçün sabiq dövlət başçısı müvafiq penitensiar müəssisəyə köçürülüb.

Həmçinin qeyd olunub ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi faktı ilə bağlı araşdırmalar aparılır.

***

20:07

Mixeil Saakaşvili Gürcüstanda həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirilən brifinqdə məlumat verib.

Baş nazir qeyd edib ki, Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşları Mixeil Saakaşvilinin həbs edilməsi istiqamətində əməliyyat həyata keçirib.

“Hüquq-mühafizə orqanları onun Ukraynadan Gürcüstana hərəkəti barədə öncədən məlumatlı olub. M.Saakaşvili penitensiar müəssisəyə yerləşdirilib”, – deyə Baş nazir deyib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili eks-prezident Mixail Saakaşvilinin ölkəyə gəlişi ilə bağlı məlumat yayanları Gürcüstanda iğtişaşların olmasını istəməkdə ittiham edib.