Son günlər avtobus qəzalarının sayı artır – Səbəblər AÇIQLANDI

 

“Avtobus sürücüləri arasında bir-birini ötmələr, səhv manevrlər, qayda-qanunların sərt şəkildə pozulması halları da sonda ciddi qəzalara gətirib çıxara bilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər intensivlən avtobus qəzalarının səbəbləri haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, belə halların baş verməməsi üçün sürücülərlə sahibkarlar arasında çox ciddi konfiqurasiyanın olması vacibdir.

“Ona görə ki, köhnə, kart sistemi ilə çalışmayan avtobuslarda bəzi sahibkarlar sürücülərdən gediş haqları toplamaq, avtomobilin texniki parametrlərinə cavab vermək kimi bir neçə işi birlikdə tələb edə bilirlər. Bu zaman da sürücü də bilmir planı versin, yoxsa yolda avtobusu düzgün şəkildə sürə bilsin, yaxud da avtobusun hər hansı detalı xarab olduqda onun təmiri məşğul olsun. Düşünürəm ki, belə hallar da sürücülərə əlavə yük olmuş olur”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, bəzi sahibkarlar da hər şeyi sürücüdən tələb edir:

“Fikrimcə, sahibkarlar bu kimi amilləri nəzərə almalıdır. Digər tərəfdən, avtobus sürücüləri arasında bir-birini ötmələr, səhv manevrlar, qayda-qanunların sərt şəkildə pozulması halları da sonda ciddi qəzalara gətirib çıxara bilir. Ona görə də, sürücülər maksimum dərəcədə məsuliyyətli, diqqətli olmalı, qaydalara ciddi şəkildə əməl etməlidirlər”.

İsmayıl Bakuvi

COP29