Son günlərini yaşayan Baydenin Ukrayna MACƏRASI: “Tramp gələnə qədər…”

“Bayden administrasiyası Tramp hakimiyyətə gələnə qədər Ukrayna cəbhəsində hərbi vəziyyəti Kiyev və Qərbin xeyrinə dəyişməyi hədəfləyib. Bunun üçün lazım olan bütün addımları atacaq”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin Ukraynaya planlanan böyük yardımının Rusiya ilə müharibədə Kiyevə nə kimi üstünlük qazandıracağından danışan politoloq Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Bayden administrasiyası son günlərdə Ukraynaya maliyyə, maddi və hərbi yardımı daha da gücləndirir.

“Trampın hakimiyyət səlahiyyətlərinin icrasına başlayacağı günə qədər Ukrayna üçün indiyə qədər etmədiklərinin qat-qat artığını vermək istəyirlər. Son bir ay yarım ərzində artıq neçənci dəfədir ki, Ukraynaya böyük həcmdə maliyyə yardımı göstərilir. Hətta Ukrayna prezidenti Volodimir Zelenskinin müraciətinin də bu mənada təsadüfi olmadığını düşünürəm. Çünki onun müraciətindən sonra Ukraynaya hətta canlı qüvvə göndərilməsi də mümkün ola bilər”.

“Rusiyanın Şimali Koreya hərbçilərindən istifadəsi isə ABŞ-nin də öz ordusunu Ukraynaya cəlb etməsinə səbəb ola bilər. 10 gün ərzində Bayden administrasiyası Ukrayna ordusunun gücünü bir neçə dəfə artırmaq niyyətindədir. Əgər genişmiqyaslı maliyyə yardımı göstərilərsə, ən müasir silahlarla təminat həyata keçirilərsə və Avropa ölkələrinin dəstəyini gücləndirmək üçün onları təşviq edən siyasət aparılarsa, Ukraynadakı müharibənin taleyi dəyişdirilə bilər. Bir sözlə, Bayden administrasiyası Tramp hakimiyyətə gələnə qədər Ukrayna cəbhəsində hərbi vəziyyəti Kiyev və Qərbin xeyrinə dəyişməyi hədəfləyib. Bunun üçün lazım olan bütün addımları atacaqlar. Nəticədə isə Tramp hansısa geri addım ata bilməyəcək”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli