Son iki gün: Mundial tarixinin ən maraqlı hadisələri

İki gün sonra bütün dünyanın diqqəti Rusiyada keçirilək sayca 21-ci dünya çempionatına yönələcək.

İlk olaraq 1930-cu ildə təşkil olunan turniri 8 fərqli komanda qazanarkən, Braziliya bu sevinci 5 dəfə yaşayıb.

4 ildən bir keçirilən mundiala ikinci dünya müharibəsi ilə iki dəfə ara verilib.

Yenicag.az mundial tarixi ilə bağlı ən maraqlı məqamları təqdim edir:

İlk dünya çempionatı

O dönəm FİFA prezidenti Julies Rimetin təşəbbüsü ilə başlayan və bir müddət öz adıyla keçirilən dünya çempionatı 1930-ci ildə Uruqvayda təşkil olunub. Sözügedən mundialın qalibi də məhz ev sahibi olub. Həmin vaxt dünya çempionatının Uruqvayda keçirilməsi qərarına Avropa komandaları qarşı çıxıb. Onlar yolun uzaq olmasını əsas göstərərək buna etiraz ediblər. Bu səbəbdən mundiala 4 ölkə – Belçika, Fransa, Rumıniya və Yuqoslaviya qatılıb. Cəmi 13 komandanın qatıldığı DÇ-nin finalında Argentinanı 4:2 hesabı ilə məğlub edən uruqvaylılar çempionluq sevincini yaşayan ilk komanda olub.

Dünya çempionatında qeydə alınan maraqlı məqamlar:

– 1930-cu ildə keçirilən final matçını idarə edən belçikalı Con Langenus meydana kostyum və qalstukla çıxıb.

– Uruqvayda keçirilən mundialda iştirak edən 13 komanda seçmə mərhələ oynamadan turnirə birbaşa qatılıb.

– Həmin yarışın yarımfinal matçlarında eyni hesablar qeydə alınıb. Argentina ABŞ-ı, Uruqvay da Yuqoslaviyanı 6:1 hesabı ilə darmadağın edərək finala vəsiqə qazanıb.

 

1934-cü il İtaliya

– Uruqvaydan sonra dünya çempionatına ev sahibliyi edən ilk Avropa ölkəsi İtaliyadır.

– İtaliya mundial tarixində seçmə mərhələ oynayan ilk və tək ev sahibi olub.

– Uruqvayda keçirilən mundialda Argentina forması geyinən Monti növbəti turnirdə İtaliya yığmasının şərəfini qoruyub.

– Uruqvaydakı ilk mundiala Avropa ölkələrinin maraq göstərməməsi səbəbi ilə Uruqvay da İtaliyada təşkil olunan mundiala qatılmayıb.

– Misir DÇ-də iştirak edən ilk Afrika ölkəsi olub.

– İtaliya da ev sahibliyi etdiyi DÇ-də çempion olmağı bacarıb.

 

1938-ci il Fransa

– Amerika və Avropada növbəli sistemlə keçirilməsi qərarlaşdırılan mundialın İtaliyanın ardınca Fransada keçirilməsinə qarşı çıxan Argentina etiraz əlaməti olaraq sözügedən turnirə qatılmayıb.

– 16 komanda Fransada keçirilən mundiala qatılmaq şansı qazansa da, Hitlerin Avstraliyanı işğal etməsi səbəbi ilə iştirakçıların sayı 15-ə düşdü.

– Penalti seriyası olmadığı üçün ilk turda əlavə hissələrə gedən 5 qarşılaşmanın 3-ü təkrar oynanılıb.

– Cüzeppe Meatsanın yarımfinalda penalti yerinə yetirən zaman şortiki düşsə də, vuruşu qol olub və İtaliya finalda Macarıstanı 4:2 hesabı ilə məğlub etməyi bacarıb.

– İtaliyanın baş məşqçisi Vittorio Pozzo ardıcıl iki dəfə çempionluğu qazanan ilk və tək baş məşqçi olub.

1942-ci və 1946-cı illərdə ikinci dünya müharibəsi səbəbi ilə DÇ-də fasilə yaranıb.

1950-ci il Braziliya

– 12 ildən sonra Braziliyada keçirilən DÇ-ə 13 ölkə qatılıb.

– Türkiyə vəsiqə qazandığı ilk mundiala maddi problemlərə görə gedə bilməyib.

– İngiltərə ilk dəfə DÇ-də iştirak edib.

– 1950-ci ildə Hindistan millisinin futbolçularına ayaqyalın oynamağa icazə verilmədiyi üçün mundiala qatılmayıb.

– Təxminən 200 min azarkeşin izlədiyi Braziliya – Uruqvay finalında qonaqlar çempionluğu bayram edib. Həmin qarşılaşmadan sonra azarkeşlər bir müddət tribunadakı yerlərindən qalxmayıblar. 3 azarkeş infarkt keçirib, biri isə intahar edib. Nəticədə ölkədə 1 həftə matəm elan olunub.

1954-cü il İsveçrə

– Türkiyə ilk dəfə İsveçrədə keçirilən mundiala qatılıb.

– Finalda Macarıstanı 3:2 hesabı ilə məğlub edən Qərbi Almaniya çempionluğunu elan edib.

– 1958-ci il İsveç

– İlk dəfə İsveçdə keçirilən DÇ televiziya vasitəsi ilə yayımlanıb.

– Türkiyə Avropa əvəzinə Asiya-Afrika qrupuna daxil edilib. İsraillə qarşı-qarşıya gəlməyə etiraz edən türklər seçmə mərhələyə qatılmayıb. Misir, Efiopiya, Tayvan, Koreya, İndoneziya, Misir və Sudan da mundialdan imtina etdiyi üçün İsrail heç bir matç oynamadan birbaşa final mərhələsinə vəsiqə qazanıb. Lakin bunu qəbul etməyən İsrail millisi Uels yığması ilə qarşılaşıb və uduzaraq mübarizəni dayandırıb.

– Dünya çempionatında qolsuz başa çatan ilk qarşılaşma İngiltərə – Braziliya matçı olub.

– Braziliya ilk dəfə dünya çempionu olub.

– Avropa qitəsində keçirilən mundialı ilk dəfə başqa bir qitənin təmsilçisi qazanıb.

1962-ci il Çili

– Çili və İtaliya arasında oynanılan matç sərtliyi ilə yadda qalıb. Bu səbəbdən Çilidəki mağazalara “İtaliyanların girişi qadağandır” lövhələri yazılıb. Mundialın ilk 12 oyununda 37 futbolçu zədələnib. Braziliya millisindən Pele də ikinci matçında zədələnərək turnirlə vidalaşıb.

– Çili və Braziliya (2:4) arasında keçirilən matçdan sonra ev sahibinin futbolçusu Ramirezin atası infarkt keçirərək dünyasını dəyişib.

– Braziliya finalda Çexslovakiyanı 3:1 hesabla məğlub edərək ardıcıl ikinci dəfə çempionluğu bayram edib.

– Final matçında həyəcana tab gətirməyən 4 braziliyalı azarkeş infarktdan dünyasını dəyişib.

 

1966-cı il İngiltərə

– Afrika ölkələri FİFA-nın Asiya və Okeaniya ölkələri ilə oynamasına dair qərarına etiraz edərək mundiala qatılmayıb.

– Çempionluq kuboku turnir başlamadan öncə oğurlanıb. Qızıl kubok bir parkda qəzetə bükülmüş şəkildə tapılıb.

– Televiziyada rəngli olaraq yayımlanan ilk turnir olub.

– Finalda Qərbi Almaniyanı 4:2 hesabı ilə məğlub edən İngiltərə ilk və yeganə kubokunu qazanıb.

– Final matçında İngiltərənin 3-cü qolunun qapı xəttini keçib-keçməməsi də müzakirələrə səbəb olub. Həmin an azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramov mərkəzi göstərib.

1970-ci il Meksika

– Əvəzetmələr, sarı və qırmızı vərəqələrdən ilk dəfə Meksikada keçirilən mundialda istifadə olunub.

– İlk dəfə bütün oyunlar canlı yayımlanıb.

– Braziliyalı Mario Zaqallo dünya çempionluğunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxs olub.

– Honduras – El Salvador arasında keçirilən qarşılaşmada baş verən olaylara ordu müdaxilə edib. Nəticədə 100 saat davam atışmalar baş verib.

– Finalı 4:1 qazanan Braziliya Julies Rimet Kubokunun əbədi sahibi olub. Bundan sonra turnir FİFA dünya çempionatı adlandırılıb.

1974-cü il Qərbi Almaniya

– Qərbi Almaniyada keçirilən mundialda ilk dəfə türkiyəli hakim fit çalıb. Doğan Babacan eyni zamanda yerli komanda ilə Çili arasında keçirilən qarşılaşmada Karlos Kaszelyiyə göstərdiyi qırmızı vərəqə ilə DÇ-nin tarixinə keçib. Bu, mundial tarixinin ilk “qırmızı”sı olub.

– Zair millisi dünya çempionatı tarixində qapıçı dəyişikliyi edən ilk komanda olub.

– Haitili Ernst Cean Josep mundialda dopinqdən istifadə edən futbolçu kimi tarixə düşüb.

– İtaliya millisinin qapıçısı Dino Zoffun 1143 dəqiqəlik quru seriyasına haitili Sanon son qoyub.

– Qərbi Almaniya finalda Hollandiyanı 2:1 məğlub edərək çempion olub.

1978-ci il Argentina

– Hollandiya millisinin ulduz futbolçusu Yohan Kroyff və almaniyalı Paul Breitner Argentinadakı siyasi duruma etiraz əlaməti olaraq turnirə qatılmayıb.

– Qrupdan çıxmaq üçün Braziliya ilə mübarizə aparan Argentina növbəti matçında Perunu 4 qol fərqi ilə məğlub etməli idi. “Tanqoçular”ın rəqibini 6:0 hesabı ilə məğlub etməsi söz-söhbətlərə səbəb olub.

1982-ci il İspaniya

– FİFA İspaniyada keçirilən mundialda iştirakçıların sayını 16-dan 24-ə yüksəldib.

– Bütün qitələrin təmsil olunduğu ilk mundial olub.

– Əlcəzair Almaniyanı 2:1 hesabıyla məğlub edərək dünya çempionatı tarixində Avropa təmsilçisini məğlub edən ilk Afrika ölkəsi olub.

– 1982-ci ildə ən çox müzakirə olunan qarşılaşmalardan biri Almaniya ilə Avstraliya milliləri arasında baş tutub. Sözügedən komandalar qrupun son matçında üz-üzə gəliblər. Hər iki komandanın qrupdan çıxması üçün almanların mütləq 1:0 hesabı ilə qalib gəlməsi lazım idi. Qarşılaşmanın 1:0 hesabı ilə almanların xeyrinə başa çatması Əlcəzair millisinin etirazlarına səbəb olub, lakin bu, heç bir nəticə verməyib.

– Küveyt millisinin meneceri Şeyx El Sabah Fransanın 4-cü qoluna etiraz etmək məqsədi ilə meydana daxil olub. Şeyxin etirazı nəticəsində qarşılaşmanın baş hakimi qolu ləğv edib.

– Macarıstan El Salvadoru 10:1 hesabı ilə məğlub edərək mundialın ən böyükhesablı qələbəsinə imza atıb.

– Qrupdakı 3 matçını da bərabərə bitirib, sadəcə 1 qol üstünlüyü ilə növbəti mərhələyə adlayan İtaliya millisi sonda mundialın qalibi olub. İtalyanlar finalda Almaniyanı 3:1 hesabı ilə məğlub edib.

1986-cı il Meksika

Əslində, 1986-cı ildə dünya çempionatı Kolumbiyada keçirilməli idi. Lakin ölkədə baş verən maliyyə böhranı səbəbi ilə Kolumbiya mundialdan imtina edib və nəticədə DÇ-yə ev sahibliyi etmək hüquq Meksikaya verilib. Bu, artıq Meksikanın ikinci ev sahibliyi olub.

– Bu turnirdə eyni qrupda yer alan komandaların son matçlarının bir vaxtda oynaması ilə bağlı qərar qəbul edilib.

– Mərakeş mundial tarixində qrupu lider tamamlayan ilk Afrika ölkəsi olub.

– Argentina millisinin ulduzu Dieqo Armando Maradona 1/4 finalda İngiltərənin qapısına əli ilə qol vurub. İnidiyədək yaddaşlardan silinməyən həmin qol sonradan “Tanrının əli” adlandırılıb.

– Azarkeşlərin tribunada yaratdığı “Meksika dalğası” şousu da bu turnirdə meydana gəlib.

– Finalda Argentina Almaniyanı 3:2 hesabı ilə məğlub edərək çemionluğu bayram edib.

1990-cı il İtaliya

– Meksikadan sonra İtaliya da ikinci dəfə mundiala ev sahibliyi edib.

– Turnirin sürpriz komandası Kamerun Kolumbiyanı məğlub edərək 1/4 finala yüksələn ilk Afrika ölkəsi olub.

– Almaniya finalda Argentinanı 1:0 hesabı ilə məğlub edib.

– Franz Bekkebauer braziliyalı Zaqollodan sonra dünya çempionluğunu həm futbolçu, həm də baş məşqçi kimi qazanan ikinci şəxs olub.

1994-cü il ABŞ

– ABŞ-da keçirilən mundialın ən səs-küylü hadisələrindən biri Maradonanın dopinqdən istifadə etməsi səsəbi ilə turnirdən uzaqlaşdırılması olub.

– Kolumbiyalı Eskobar isə öz qapısına qol vurduğu üçün ölkəsində öldürülüb.

– İlk dəfə çempionun adı penaltilər seriyasında müəyyənləşib. Braziliya – İtaliya milliləri arasında keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında rəqibini 3:2 hesabı ilə məğlub edən “sambaçılar” 24 illik həsrətə son qoyub.

– Rusiyalı Oleq Salenko Kamerunla matçda (6:1) 5 qol vuraraq, bir oyunda ən çox fərqlənən futbolçu olub.

– Kamerunlu Roqer Milla (42 yaş) turnirin ən yaşlı futbolçusu kimi yadda qalıb.

1998-ci il Fransa

– 1998-ci il Fransada keçirilən mundialda komandaların sayı 24-dən 32-ə yüksəldilib.

– Finalda Braziliyanı 3:0 hesabı ilə darmadağın edən fransızlar ev sahibliyi etdiyi mundialı qazanan növbəti komanda olub.

– Dünya çempionatında “Qızıl qol” qaydası tətbiq edilib.

– Millimizin sabiq baş məşqçisi Robert Prosineçki 1990-cı ildə Yuqoslaviyanın heyətində qol vurduqdan sonra, 1988-ci ildə Xorvatiya forması ilə fərqlənib. O, bununla da iki fərqli millidə qol vuran ilk futbolçu olub.

– Almaniyalı Lotar Matteus DÇ-də 25-ci matçına çıxaraq rekord müəyyənləşdirib.

2002-ci il Yaponiya və Cənubi Koreya

– İlk dəfə iki ölkə dünya çempionatına ev sahibliyi edib. Bu, həm də Asiyada keçirilən ilk mundial kimi tarixə düşüb.

– Türkiyə tarixi uğura imza ataracaq DÇ-ni 3-cü pillədə başa vurub.

– Fransa seçmə mərhələ oynamadan mundiala vəsiqə qazanan son çempion olub.

– Son çempion Fransa bir qol belə vurmadan mundialla vidalaşıb.

– Braziliya finalda Almaniyanı 2:0 hesabı ilə məğlub edib, 5-ci çempionluğunu rəsmiləşdirib.

2006-cı il Almaniya

Almaniyada keçirilən mundialda ən çox müzakirə olunan hadisə Zinəddin Zidanın finalda Marko Materazziyə kəllə atması olub. Zidan meydandan qovulub, İtaliya isə penaltilər seriyasında Fransanı 5:2 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib.

– Bu turnirlə birlikdə “qızıl qol” və “gümüş qol” qaydaları ləğv edilib.

– Braziliya dünya çempionatında ardıcıl 11 qələbə qazanan ilk komanda olub.

– Portuqaliya – Hollandiya matçı da 12 “sarı”, 4 “qırmızı” ilə mundialın ən çox vərəqə göstərilən qarşılaşması kimi tarixə keçib.

2010-cu il Cənubi Afrika

– İlk dəfə bir Afrika ölkəsi belə bir turnirə ev sahibliyi edib.

– Cənubi Afrikaya xas olan “Vuvuzela” alətinin çıxartdığı yüksək səs etirazla qarşılansa da, bu alətin səsi 90 dəqiqə ərzində matçlarda susmayıb.

– İspaniya ilk çemionluq sevincini Cənubi Afrikada yaşayıb. Finalda Hollandiya millisi ilə qarşılaşan Visente Del Boskenin yetirmələri rəqibini 1:0 hesabı ilə məğlub edib.

2014-cü il Braziliya

Braziliya ev sahibliyi etdiyi mundialın yarımfinalında biabırçı məğlubiyyəti ilə yadda qalıb. Qrup mərhələsini lider tamamlayıb, növbəti mərhələdə Çilini penaltilər seriyasında mübarizədən kənarlaşdıran “sambaçılar” yarımfinalda Almaniyaya 1:7 hesabı ilə məğlub olub. Bu, Braziliyanın mundial tarixində ən böyükhesablı məğlubiyyəti olub.

Emin Səfərov

COP29