“Son illərdə aparılan islahatlar orduda ciddi dönüş yaradıb” – Ekspert

“Əvvəllər hərbi hissələrdə vəziyyət qənaətbəxş deyildi, təhlükəsizlik və gigiyenik qaydalara əməl olunmurdu. Bunu konkret ifadə etmək istəmirəm, amma belə hallar tez-tez baş verirdi”. 
Yenicag.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında ordudakı islahatlardan danışan hərbi ekspert Ramil Məmmədli deyib.
O bildirib ki, əvvəllər təmas xəttinə yaxın ərazilərdəki bölmələrin dislokasiya yerlərinə və əsgər yataqxanalarında şərait normal deyildi, standartlara cavab vermirdi. Ekspert vurğulayıb ki, hərbi hissələr, əsgər yataqxanaları 20 il əvvəl tikilən və sonradan təmir olunmayan binalarda yerləşirdi: “2014-cü ildən sonra bu məsələlərdə ciddi dönüş başladı. Bunu cəbhəboyu zonaya və önxəttə səfərlərim zamanı özüm şəxsən görmüşəm. Son illərdə çox ciddi islahatlar həyata keçirilib, hərbi hissələr təmir olunub, yeniləri tikilib istifadəyə verilib. Bu gün hərbçilərimiz müasir tələblərə cavab verən yataqxanalarla təmin olunublar.
Bununla yanaşı əvvəllər döyüş postunda olan əsgərlərin su problemləri də vardı, indi isə bütün bu kimi məsələlər həll olunub. Əsgərlər posta çıxanda onlara hazır su verilir, qışda isə isti yeməklə təmin olunurlar. Hərbi hissələrimiz bu gün şəxsi heyətin bütün tələblərinə cavab verir. Azərbaycan Ordusunun tabeliyində olan hərbi birləşmələrdə onlarla yeni hərbi hissələr tikilib, sovet dövründən qalmış hərbi hissələrsə tam təmir olunub”.
Hərbi ekspert bildirib ki, bu gün Azərbaycan Ordusunda islahatlar davam etdirilir. Müxtəlif səpkidə genişmiqyaslı təlimlər keçirilir: “Bu təlimlərlə bağlı çox uzun danışmaq olar, ancaq qısa olaraq əsas məsələni deyim ki, ordumuz son 5 ildə davamlı təlimlər keçirir, genişmiqyaslı təlimlərin sayı artıb, bunu xüsusi qeyd etmək lazımdır. İldə bir neçə dəfə icra olunan təlimlər Azərbaycan Ordusunun böyük hərbi əməliyyatların həyata keçirilməsi təcrübəsini təkmilləşdirir. Bunlarla yanaşı, bölmələr üzrə də təlimlərin sayı çoxaldılıb. Təlimlərdə müasir texnikalardan istifadə etmək imkanı yaradılıb. Əvvəllər şəxsi heyət həmin hərbi texnikanı sadəcə görürdü, bu gün isə artıq müasir texnikadan istifadə edir. Bu da hərbçilərimizin döyüş qabiliyyətini artırır”.
Təlimlərin gənc kadrlar üçün də yeni təcrübə olduğunu vurğulayan R.Məmmədli zabitlərin hərbi təhsil almağa başlayandan müxtəlif təlimlər keçməsinə baxmayaraq, genişmiqyaslı təlimlərlə təcrübələrini daha da artırdıqlarını bildirib: “Bu məsələlərə ordu rəhbərliyi ciddi yanaşır, xüsusi diqqət göstərir. Ordunun inkişafında gənc kadrların rolu böyükdür. Bu gün Azərbaycan Ordusunda yeni xidmətə cəlb olunan gənc zabitlərin daha bacarıqlı, döyüşkən formalaşması üçün onlara müəyyən təlimlər keçirilməsi lazımdır. Bu təlimlər də həyata keçirilir və Azərbaycan Ordusu bu istiqamətdə həqiqətən ciddi addımlar atır. Ordunun qarşısında duran ümdə məsələlərdən biri də məhz zabitlərin daha peşəkar və döyüşkən zabit kimi formalaşmasına nail olmaqdır. Peşəkar döyüş yolu keçmiş zabitlərlə birlikdə xidmət edən gənc zabitlərimiz də bu bacarıqları mənimsəyə bilirlər. Bu gün son 5-7 ildə hərbi xidmətdə olan zabitlər orduda xidmət edən tağım, bölük komandirləridir. Həmin gənc zabitlər müəyyən döyüş yolu keçdikdən sonra yuxarı vəzifələrə təyin olunurlar”.