Son toqquşmadan sonra Qazaxın 7 kəndi GÜNDƏMDƏ: “Boşaltmasalar, nəticəsi onlar üçün ağır olacaq”

“Hazırda tutulmuş mövqelərdə möhkəmlənmə işləri aparılır”.

Bu sözləri Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən döyüş toqquşması və hazırkı vəziyyəti şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Rövşən Məhərrəmov baş verənləri sərhəd münaqişəsi adlandırıb:

“Qarşı tərəf sərhədi pozdu, təxribat etdi və cavabını aldı, əlavə postlar götürdük. İki ölkə arasında sərhəd müəyyənləşməyib. Delimitasiya və demarkasiya məsələsi yoxdur. Bunlar olmadan sərhəd söhbəti aparmaq olmaz. Azərbaycan ordusu qarşı tərəfə layiqli cavab verdi və əks-hücuma keçərək strateji əhəmiyyət kəsb edən yüksəkliklərdə mövqe tutdu. Hazırda tutulmuş mövqelərdə möhkəmlənmə işləri aparılır. Video materiallardan da göründü ki, “Bala Göyçə gölü” ətrafında mövqe seçmişik. O torpaqlar bizim əzəli torpaqlarımız olub.

2020-ci ildə imzalanmış üçtərəfli bəyanat icra olunmur. Əsas məsələlərdən biri qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasıdır. Bu bəyanatda çox məsələlər var ki, həllini tapmayıb. Naxçıvanın Kərki (anklav), Qazax rayonunun yeddi kəndi Azərbaycana təhvil verilməyib. Bu məsələlərin zamanı çatıb ki, bütün əraziləri boşaltsınlar. Əgər boşaltmasalar, nəticəsi onlar üçün ağır olacaq. Ümid edirəm ki, Naxçıvan və Qazax istiqamətində sərhəd problemi öz həllini tapacaq.

Bir neçə gün öncə internet kanallarından birinə müsahibə vermişdim. Müsahibədəki fikirlərimi Qurban Məmmədov adlı şəxs konteksdən çıxararaq öz bildiyi kimi təqdim edib. Guya mən bildirmişəm ki, Azərbaycan tərəfi sərhəddə baş verənlər üçün əvvəlcədən hazırlıq keçib. Hazırlıqdan sonra hücuma keçib. Əslində, 2020-ci ildən bu günə qədər olan vəziyyəti təhlil etmişəm. Məsələ ondadır ki, Azərbaycan ordusunun hazırlıq keçməyə ehtiyacı yoxdur. Azərbaycan ordusu hər zaman hazırdır. Çünki iki ölkə arasında sülh yoxdursa, hər zaman hazır olmaq lazımdır. Ancaq onun kimi adamlar baş verənləri dövlətin boynuna yıxmaq üçün bu kimi üsullardan istifadə edirlər. Hesab edirəm ki, dövlət artıq bu kimi şəxslər barədə tədbir görməlidir. Onun Azərbaycana gətirilib istintaqa cəlb edilməsi vacibdir.

Ermənilər qalıb kənarda, bu şəxslər ölkə xaricində oturub Azərbaycana ermənilərdən daha çox zərbə vururlar. O və onun kimilər hər gün Azərbaycanı və onun vətəndaşlarını təhqir edir.

Hesab edirəm ki, ordu öz vəzifəsini yerinə yetirib, gələcəkdə də qarşıya qoyulan tapşırıqları yerinə yetirəcək”.

Səxavət Məmməd