Son zamanlar dəb olan mədəkiçiltmə əməliyyatı – Vacib TÖVSİYƏLƏR

“Mədəkiçiltmə üçün mütləq mütəxəssislə məsləhətləşməli, onun nəzarəti altında əməliyyatla razılaşmaları, nəticələr uyğun olarsa, əməliyyata girilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son dövrlər intensiv hal almış mədəkiçiltmə əməliyyatı barədə danışan həkim-terapevt Günay Musayeva deyib.

Onun sözlərinə görə, mədəkiçiltmə əməliyyatı ilə piylənmə aradan qalxdıqdan sonra bir çox metobolik problemlər də aradan qalxmış olur.

“Bütün cərrahi əməliyyatlar kimi mədəkiçiltmə əməliyyatına girməzdən öncə xəstələr skirininq dediyimiz müayinələrdən keçməlidir. Məsələn, süd vəzisi, qaraciyər, mədə və digər bütün orqanlar ətraflı şəkildə yoxlanılmalıdır və daha sonra əməliyyat qərarı verilməlidir. Mədəkiçiltmə üçün mütləq mütəxəssislə məsləhətləşməli, onun nəzarəti altında əməliyyatla razılaşmaları, nəticələr uyğun olarsa əməliyyata girilməlidir. Bundan başqa, əməliyyatdan öncə xəstələrə diet proqramı təyin olunmalıdır. Əgər bu üsulla effekt əldə edilə bilirsə, mədəkiçiltmə əməliyyatı təxirə salına bilər”, – deyə o əlavə edib.

G.Musayeva qeyd edib ki, bəzi xəstələrə mədəkiçiltmə əməliyyatı göstərişdir:

“Bədən kütlə indeksi 40-dan yuxarı olan insanlar və bununla yanaşı, piylənmə ilə əlqədar xəstəliyin-təzyiq problemləri, lipid mübadiləsi pozğunluğu, yuxu atnoyesi dediyimiz, yatarkən nəfəs dayanması, qaraciyər piylənməsi, kəskin bronxial astma, sidik saxlaya bilməmə, gündəlik həyat tərzinə mane olan şiddətli oynaq ağrıları, həmçinin şəkərli diabeti olan xəstələrə mədəkiçiltmə əməliyyatı planlana bilər”.

Həkim mədəkiçiltmə əməliyyatı əks-göstəriş olan xəstələrdən də bəhs edib:

“Yaşı 18 yaşdan aşağı və 65-dən yuxarı olan insanlar, müxtəlif endokrinoloji xəstəlikləri, piylənmə yarada biləcək endokrinoloji xəstəlikləri olanlar, qanın laxtalanması ilə əlaqədar potologiyaların olması, ürək xəstəliyi, alkoqol yaxud hər hansı maddə asılılığı, əməliyyatdan sonra müvafiq təyin edilmiş qidalanma rejiminə əməl edə bilməyəcək insanlar, mədə yırtığı kimi xəstəliyi olan insanlara mədəkiçiltmə əməliyyatı əks göstərişdir. Bütün bu proseslər həkim tərəfindən ətraflı araşdırılmalı, pasientə geniş şəkildə izah olunduqdan sonra əməliyyat qərarı alınmalıdır”.

İsmayıl Bakuvi

COP29