“Sonadək mübarizə aparacağıq” – “Qəbələ”nin legioneri

“Avstriya toplanışının böyük hissəsi arxada qalıb. Hazırlıq prosesi yaxşı keçir. Bütün futbolçular maksimum gücləri ilə məşq edirlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiç deyib.

2017/18 mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir. İyunun 7-də başlayan hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirən “qırmızı-qaralar”ın xorvatiyalı futbolçusu toplanış barədə fikirlərini bildirib:

“Yeni mövsümün ilk rəsmi görüşlərinə ciddi və çox yaxşı hazırlaşırıq. Toplanış çərçivəsində 4 yoxlama görüşündə qüvvəmizi sınadıq. Hesab edirəm ki, Rusiya “Axmat”ı ilə qarşılaşmada çox yaxşı oynadıq. Həmin matçda bəxtimiz gətirmədi. Bolqarıstan MOİK-i və Avstriya “Vakker”i ilə birgə mübarizə apardığımız turnirə gəlincə, “Axmat”la qarşılaşmadan sonra cəmi iki gün vaxtımız olmuşdu. Üstəlik, bu müddətdə məşqləri də davam etdirmişdik. Bu üzdən turnir zamanı bir az yorğunluq özünü göstərdi. Yoxlama oyunlarının hər biri hazırlıq baxımından çox faydalıdır. Avstriyadakı son sınaqda “Ludoqorets”lə görüşəcəyik. Bolqarıstan təmsilçisi çox güclü komandadır. Belə rəqiblə qarşılaşma maraqlı olacaq”.

4 dəfə dalbadal UEFA Avropa Liqasında çıxış edəcək “Qəbələ” yarışa II təsnifat mərhələsindən başlayacaq. Ozobiç bu mərhələnin püşkatmasını dəyərləndirib:

“Avropa Liqasında asan rəqib olmur. Burada bütün komandalar çətin rəqib sayılır. “Qəbələ” II təsnifat mərhələsinin oyunlarına çox yaxşı hazırlaşacaq. Rəqibimizin müəyyənləşəcəyi “Yagelloniya” – “Dinamo” cütündə üz-üzə gələcək komandalardan hansının mərhələ keçməsinin bizim üçün fərqi yoxdur. “Qəbələ” ancaq öz oyununu düşünməlidir. Biz yaxşı oyun nümayiş etdirib, bu mərhələni keçməliyik. İlk matçın harada olacağının önəmi yoxdur. Bilirəm ki, “Yagelloniya” son turadək Polşa çempionu adı uğrunda mübarizə aparıb. Bu da onların necə yaxşı komanda olmasının göstəricisidir. Gürcüstan təmsilçisi barədə çox məlumatım yoxdur. Amma hər iki komanda haqda məlumat toplayacağıq. Mövsümlərarası dövrdə heyətimizdə bir sıra dəyişikliklər gerçəkləşib. Amma futbolda belə olur. Bilirəm ki, azarkeşlərimiz yenə bizdən uğurlu çıxış gözləyirlər. Elə biz futbolçular da UEFA Avropa Liqasında yenidən qrup mərhələsinə düşməyi istəyirik. Bu hədəfə çatmaq üçün sonadək mübarizə aparacağıq”.

Yenicag.az

COP29