Sonu görünməyən proseslər başlayır: “Bu güclər qarışıqlıq yarada bilər” – Müharibənin yayılması TƏHLÜKƏSİ
“Münaqişə ocağının aktiv qalması regionu idarə etmək istəyən güclərin marağına daha uyğundur”.
Bunu Yenicag.az-a açıqlamasında İsrail-Fələstin münaqişəsinin genişlənməsinin təhlükələrindən danışan politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, uzun müddətdir davam edən HƏMAS və İsrail arasındakı münaqişə hazırda ən acınacaqlı vəziyyətinə çatıb.
“Baş verən proseslər cəbhənin genişləndirilmək istənilməsindən xəbər verir. Bu isə müharibənin birbaşa olaraq, xarici güclər tərəfindən idarə olunduğunu göstərir. Yəni münaqişə ocağının aktiv qalması regionu idarə etmək istəyən güclərin marağına daha uyğundur.
Əsas təhlükələrdən biri İsrail-Fələstin münaqişənin ətrafa yayılması da mümkündür. Lakin bir müddət münaqişəni HƏMAS-la davam etdirmək istəyirlər. Ehtiyac yaranacağı təqdirdə isə “Hizbullah” qoşulacaq və müharibə İordaniya, Suriya və digər ərazilərdə daha da geniş xarakter alacaq.
Müharibənin cığırından çıxması təhlükəli tendensiyadır. Sonu görünməyən proseslərin başlanması deməkdir. Hətta böyük güclər özlərini sığortalamaq üçün qarışıqlıq da yarada bilər”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli