Tələbə Qəbulu Dövlət Komissiyası (TQDK) tərəfindən abituriyentlər üçün sonuncu sınaq imtahanı bu gün keçiriləcək.
Yenicag.az xəbər verir ki, imtahanda iştirakçılara yeni (4 nömrəli) test kitabçası təqdim olunacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün Respublikanın 35 şəhər və rayonunda cari ildə sonuncu sınaq imtahanları keçirəcək.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Qobustan, Mingəçevir, Goranboy, Daşkəsən, Ağstafa, Yevlax, Şəki, Zaqatala, Qəbələ, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Beyləqan, Şirvan, Saatlı, Lənkəran, Yardımlı, Cəlilabad, Masallı, Xaçmaz və Siyəzən şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 67 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 49994 abituriyent qeydiyyatdan keçib.
İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayacaqlar!
Qeyd edək ki, sınaq imtahanları abituriyentlərə öz hazırlıq səviyyələrini yoxlamağa, imtahan qaydaları ilə əyani tanış olmağa kömək edir. Sınaq imtahanlarının üstün cəhətlərindən biri də bu imtahanlarda yaradılan şəraitin, ümumilikdə, imtahan prosesinin qəbul imtahanlarına tam uyğun olmasıdır. Bu imtahanlarda iştirak edən abituriyentlər özlərini real imtahan şəraitində hiss etməklə qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşır, ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirirlər.