Sorosun Cənubi Qafqazda gərginlik yaratmaq PLANI: Gürcüstan üçün xaos ssenarisi hazırlanır

“Soros Fondu və müxtəlif neoimperialist şəbəkələr dünyanın fərqli coğrafiyalarını qarışdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu zaman da onlar əllərində olan bütün vasitələrdən istifadə etməyə çalışırlar”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Tural İsmayılov deyib.

Siyasi təhlilçi Gürcüstanda baş verən etiraz aksiyalarının pərdəarxası məqamlarına, habelə Soros Fondunun Cənubi Qafqazda regionunu gərginləşdirmək üçün həyata keçirmək istədiyi planlardan söz açıb.

T. İsmayılova görə, biz daha əvvəl Ukraynada “Avromaydan” ssenarisi də daxil olmaqla, bir çox formalarda sorosçu şəbəkələrin təhlükəli planlarına şahidlik etmişik:
“Bu gün də Sorosun və ona bağlı olan müxtəlif fondların əsas məqsədi Gürcüstanı qarışdırmaqdan ibarətdir. Gürcüstanın da hər bir suveren dövlət kimi haqqı var ki, öz qanunvericiliyini kənar elementlərdən qorusun. Əslində, bu gün Gürcüstanda hakim “Gürcü arzusu” partiyası tərəfindən irəli sürülən “Xarici agentlər haqqında” qanun layihəsi hansısa bir formada alternativ düşüncələrin, yaxud alternativ siyasi-ictimai hərəkətlənmələrin qarşısını almır, ona əngəl törətmir. Əksinə, bu tip qanun layihəsi siyasi adlar adı altında ölkə dövlətçiliyinə, suverenliyə, Gürcüstan xalqının milli adət-ənənəsinə, düşüncəsinə və identikliyinə zidd olan paradoksal, habelə yad ideologiyaların qəsbkarlığına qarşı təklif olunub”.

Onun sözlərinə görə, Soros ənənəvi media və PR-dan istifadə edərək, Gürcüstan hakimiyyətinin irəli sürdüyü bu qanun layihəsini hansısa bir “rus qanunu” və digər adlarla gözdən salmağa çalışır:

“Bu ssenariyə uyğun olaraq, özlərinin maliyyələşdirdiyi müxtəlif təşkilatlar və fondlar vasitəsilə Gürcüstanın daxilində müəyyən qarışıqlıq yaratmağa, həmçinin bu prosesi geniş ictimai xaos elementinə çevirməyə çalışırlar. Hesab edirəm ki, bu gün Gürcüstanda kifayət qədər yekdil və stabil dövlət aparatı formalaşıb. Fikrimcə, Gürcüstan xaricdən gələn bu tip təhlükəli tendensiyaların mütləq şəkildə qarşısını ala biləcək bir gücə malikdir. Ona görə də ölkədə hər hansı bir qarışıqlıq yaradılacağı təqdirdə, Gürcüstan hakimiyyəti bunun qarşısında sipər rolunu oynayacaq”.

Rafi Müslümov

COP29