“Şortik” qalmaqalına vəkildən MÜNASİBƏT: “Dövlət orqanının məsul şəxsləri işə belə gələrsə,..”

“Qanunvericiliyin heç bir maddəsində məhz “şortik” və ya dizdən aşağı hansısa geyimə görə vətəndaşın hüququnun məhdudlaşdırılmasına dair müddəa yoxdur”.

Bir neçə gün öncə “şortik” geyinmiş vətəndaşın Nəsimi rayonu 54 saylı notariat kontoruna buraxılmaması ictimai tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bu davranış vətəndaşın hüquqlarının tapdalanması kimi qəbul edib.

Mövzu ilə bağlı vəkil Roman Qaraşov Yenicag.az-a açıqlamasında bildirib ki, sözügedən hadisədə notarius qanunsuz hərəkətlərə yol verilib və vətəndaşın hüquqlarını pozub:

“Vətəndaşın “şortik” geyinməsi o demək deyil ki, notarius onun hüquqlarını məhdudlaşdıra bilər. Bu baxımdan vətəndaş notariat kontorun davranışına görə məhkəməyə şikayət edə bilər. Qeyd olunan davranış əmək vəzifələrinin kobud şəkildə pozulması ilə yanaşı, vəzifədən sui-istifadə halıdır. Vətəndaşın notariat kontorunda etik davranışlara zidd və ya cəmiyyətin birgə-yaşayış qaydalarına uyğun olmayan hərəkəti olsaydı, bu halda hüququ məhdudlaşdırıla bilərdi. Qeyd olunan məqamda isə vətəndaş dövlət orqanının xidmətindən istifadə edir. Dövlət orqanının əməkdaşı və məsul şəxsləri məhz “şortik”lə işə gəlsəydi, notarius tərəfindən cəzalandırıla bilər. Çünki işgüzar mühit və geyim qaydaları var. Sıravi vətəndaşlar üçün geyimlə bağlı hər hansısa qadağa yoxdur”.

Gülşən Şərif