SOS Uşaq Kəndləri Gəncə filialındakı dəhşətlərin ŞAHİDİ: “Cibxərcliyimiz, paltarpulumuz saxta çeklərlə “yeyilirdi” – FOTO
“Uşaqlar nəyə görə soyuqda-şaxtada çıxıb yer təmizləməli, zibil yığmalıdır?”
Əliyev Nicat Şaiq oğlu. 2007-ci ildə SOS Uşaq Kəndləri Gəncə filialına gedib, 2016-cı ildə isə oradan çıxıb. SOS Uşaq Kəndləri Gəncə filialında baş verənlərlə bağlı yazıdan sonra Nicat Əliyev redaksiyamıza gələrək, orada baş verənlərlə bağlı suallarımızı cavablandırıb.
– Nicat, gəl pisdən başlamayaq. SOS Uşaq Kəndlərinin yaxşı tərəfi nə idi?
– SOS adı çox böyükdür. Hara getsən, bütün təhsillər pulsuz idi. O cəhətini çox sevirdim ki, xaricdən qonaqlar gəlirdi. İngilisi dilini öyrənməyə də səbəbim o oldu. Turistlərlə oyunlar oynayırdıq, mədəniyyətlər öyrənirdik. Bizi boş qoymurdular. Skripkaya getmişdim, pianinoya getmişdim, əl işi öyrədirdilər. Bu cəhətdən çox yaxşı idi, yönləndirirdilər. Amma…
– Amma?
– Amması odur ki, müsbət məsələlərlə yanaşı bizim haqlarımızı da yeyrdilər.
– Məsələn?
– Bizim cibxərcliyimiz, paltarpulumuz hamısı yeyilirdi. Saxta çeklər vasitəsi ilə bunu edirdilər. Ora gələn bayram payları olsun, ətlər olsun, geyimlər olsun, çoxu bizə çatmırdı. Həmişə düşünürdüm ki, SOS Uşaq Kəndi normal olar, internat kimi olmaz. Orada istismar daha çox olur, burada da var imiş. Böyüdükcə bunları görməyə başladım.
– Şikayət ərizələrini oxudum, orada döyülmələr, təhqirlər, filial müdiri Nəsimi Ələkbərlinin uşaqları aparıb evində işlətməsi var, maşınını yudurdurmuş. Bunlar hamısı doğrudurmu?
– Öz evində böyük, 14-15 yaşına çatmış iri, güclü uşaqları aparıb işlədirdi. Maşın yuduzdurması da düzdür. Orada xadimələr olmalı idi. Uşaqlar nəyə görə soyuqda-şaxtada çıxıb yer təmizləməli, zibil yığmalıdır? İşçilərə əlavə maaş verməmək üçün uşaqlar işlədilirdi, belə desək, daha doğru olar.
– Söhbətə başlayanda dedin, haqlarınızı yeyirdilər, bunu bi raz konkretləşdirərdin…
– Əslində, 3 il Mingəçevirdə özəl litseydə oxudum. Onun bir ilinin təhsil haqqını dövlət ödədi. Orada pulsuz təhsil alası idim. Sonradan nə etdilərsə, mənim təhsil haqqım ödənmədi. Bundan təzə xəbər tutmuşam. Valideyinimə yönləndirdilər ki, o, ödəsin. Biz hələ də həmin krediti ödəyib bitirməmişik. Heç bir yerdə işləməyən, ancaq pensiya ilə dolanan ailə illik 4 min 700 manatlıq təhsil haqqını necə ödəəyə bilər? Güvənirdim ki, təhsil haqqımı dövlət ödəyir. Ondan sonra motivasiyam aşağı düşdü və 9-cu sinifdən çıxdım.
– Ərizələrdə oxudum, sən oxumaq istəmisən, ancaq sənə mane olublar. Necə mane olurdular?
– Üzdə gülürdülər, ancaq arxada başqa şeylər baş verirdi. Məni SOS-dan çıxarmaq istəyirdilər. Çünki bilirdilər ki, SOS-dan istifadə edib, çox böyük yerlərə gələ bilərdim.
– Özləri çıxardılar, yoxsa məcbur olub çıxdın? O proses necə oldu?
– Bezmişdim.
– Nədən bezmişdin?
– Haqsızlıqlardan bezmişdim, sərbəst həyat istəyirdim.
– Sən dediklərini izah etməlisən, çünki sabah bunu başqa cür də təqdim edə bilərlər və bunu oxuyanların da beynində suallar yaranmasın. Haqsızlıq nə idi?
– Pulların kəsilməyi. Hər yaşa uyğun cibxərcliyi verilməli idi, amma çox az verilirdi. Yeməklər gəlirdi. Üstündə duran olarsa, evlərə paylayan olarsa, heç nə edə bilmirdilər. Elə adam olrdu ki, yemək gətirirdi, deyirdi, evlərə bir-bir özüm paylayacam. Elə adamlar olurdu, biz yeyib bitirənə qədər oturub gözləyirdilər. ELə adam da olurdu ki, güvənirdi. Eşitdiyimə görə, bizə gələn ətləri hansısa ət dükanları ilə danışıb, orada satdırırmışlar.
– Sənə maşın yuduzdurublar?
– Mənə yudurtmayıblar, ancaq kənd təsərrüfatı günü ərazini təmizləmişəm.
– Aytəkinlə bağlı məsələ doğrudur?
– Bəli. Aytəkinlə mesajlaşırdıq. Orada rəhbərlik haqqında söyüşlər söymüşdük. Analardan aylıq pul alınmasından danışırdıq.
– Analar sizin yanınızda deyirdilər, aylıq pul verdiklərini?
– Yox, bizə demirdilər, ancaq dəqiq bilirdik ki, aylıq verməyəni işdən çıxarırdılar. Haqsızlığa dözməyənlərin hamısını işdən çıxarırdılar. Babək, Aytəkin, Orxan, mən susmayanlardan idik. Bizə demaqoq deyirdlər.
– Aytəkinin saçından tutub sürüdülməsi məsələsi doğrudur?
– Mesajları oxuyandan sonra Aytəkini çağırıblar. Aytəkin ağlaya-ağlaya üstümə gəldi ki, Mətanətlə saçyoldu oldu. İndi də səni çağırırlar. Getdim, Nəsimi Ələkbərli mənə dedir, filan söyüşü nə mənada yazmısan? Ona orada danışdığımız faktlar maraqlı deyildi, ancaq söyüşlər maraqlı idi. Dedi, ərizəni yaz çıx. Həmin vaxt psixoloji problemlər yaşayırdım, bu da bardağı daşıran sonuncu damla oldu. Anam deyirdi ki, oradna çıx. Mən də çıxdım.
– Turalın dəlixanaya yerləşdirilməsi məsələsi var. O barədə nə deyə bilərsən?
– Həmin vaxt litseydə oxuyurdum deyə, şahidi olmamışam. Ancaq gələndə eşitdim.
– O izahatlarda uşaqlardan birinin zorlanması haqda iddialar da var…
– O yazılanla bağlı dəqiq bir şey deyə bilmərəm. Ancaq dəqiq bildiyim bir şey olmuşdu. Oğlanlar arasında olmuşdu. Böyük oğlan, özündən balacanı zorlamışdı. Sadəcə, böyük oğlan ailəsinə təhvil verildi, zorlanan uşaqsa orada qaldı. Bu barədə nə cinayət işi açıldı, nə də bir şey.
– Ərizələrdə yazılıb ki, Nəsimi Ələkbərli uşaqlara deyib, gedək evdə iş var, onu görün, pul verəcəm. Bu, doğrudur?
– Bu, düz söhbətdir. Mən gedəndə pul söhbəti olmurdu, iş qurtarandan sonra bizə nə isə alacağını deyirdi.
– Sən də gedib işləmisən?
– Getmişəm.
– Nə iş görürdünüz?
– Əşyaları daşımışıq, yerlərini dəyişirdik. Həyətdə bəzi işlər gördürürdü. Əşyaları bir yerdən başqa yerə aparırdıq.
– Bu bir dəfə olub, yoxsa çox?
– Dəfələrlə olub. Məndə barmaqla sayılacaq qədərdir, ancaq başqa uşaqlarda tez-tez olurdu. Ozan Budaqov, Natiq, Orxan daimi onun evində işləməyə aparılırdı.
– Yeməyiniz necə idi?
– Yeməklər üst səviyyədə idi. Bir də yadıma düşmüşkən deyim ki, SOS Uşaq Kəndlərinin Gəncə filialının ilk rəhbəri Nəsimi Ələbərlinin atası olub. O, vəfat edəndən sonra Nəsimi Ələkbərlini ora müdir qoydular. Sonra şikayətlər oldu. Bu səbəbdən də, baş ofisdən Yaşar Qocayev müvəqqəti rəhbər gəldi. O, hər şeyi sakitləşdirdikdən sonra, getdi və yenə Nəsimi Ələkbərli rəhbər qaldı.
– Başqa əlavə etmək istədiyin nəsə var?
– Əlavə edəcəyim odur ki, Allah bəlaların versin. Sizə danışdığımın da tam arxasında dururam.
Səxavət Məmməd