!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sosial mənzillərin satışı ilə bağlı narazılıq - Sayt niyə çöküb?

!Reklam – Yazi

“Ya sosial mənzillərin verilməsilə bağlı işi öhdəsinə götürən Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) məsələyə məsuliyyətsiz yanaşaraq normal bir sayt qura bilməyib. Ya da, ola bilsin sonradan ajiotajın yaranmasını nəzərə alaraq bilərəkdən belə ediblər ki, öncədən müəyyən əyri yollarla bəzi insanlara bu mənzilləri sata, yaxud da razılaşdırılmış şəkildə onlara təqdim edə bilsinlər. Yəni bu danışılmış, sövdələşmiş iş də ola bilər. Bunun başqa izahı yoxdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında MİDA-nın satışa çıxardığı sosial mənzilləri almaq istəyən insanların ciddi çətinliklə üzləşmələrinə rəvac verən səbəbi aydınlaşdırarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:

“Əslində, sosial mənzillərə tələbatın böyük olacağı gözlənilən idi. Çünki şərtləri ipoteka kreditləri üzrə qoyulan şərtlərdən daha cəlbedicidir. Əhalinin böyük qisminin mənzilə ehtiyacının olduğu və daha yaxşı şərtlərlə evə sahib olmaq istəyini nəzərə alaraq, bu işi həyata keçirənlər, sosial mənzillərin satışa çıxarıldığı e-gov.az saytını yaradanlar anlamalı idilər ki, minlərlə insan sayta axın edəcək. XXI əsrdə normal sayt qurub, onu normal hostinqdə yerləşdirib, çoxlu sayda izləyicinin ora daxil olmasına şərait yaratmaq o qədər də bahalı və çətin proses deyil.

Rəsmi qurumlar yaranmış situasiyanı nə qədər izah etməyə çalışsalar da, insanın düşüncəsində bu fikir qalacaq ki, proses şəffaf həyata keçirilməyib. Prosesi həyata keçirənlər bunu öncdən görməli idilər. Baş verən olay texniki problemlə bağlıdırsa, bunun özü də böyük biabırçılıqdır. Çünki dövlət üçün əhəmiyyətli bir işlə məşğul olan qurumlar saytlara çoxlu sayda insanın daxil olduğunu bilərək, normal, təhlükəsizlik qaydalarına uyğun hostinqlərdə yerləşdirilmiş bir sayt qurmalı idilər. Problem texniki məsələlərlə bağlı olaraq yaranıbsa, bunun özü də ciddi araşdırılmalıdır. Addım bilərəkdən belə atılıbsa, onu da ciddi şəkildə araşdırmaq lazımdır. Öncədən həmin mənzillərin kimə verilidiyi, kimə bu istiqamətdə şərait yaradıldığı aydınlaşdırılmalıdır.

Belə bir qeyri-şəffaf münasibət olubsa, onu edənlər cəzalanmalıdır ki,  cəmiyyətdə sosial mənzil layihəsinə inam artsın. Ancaq son olaydan görürük ki, ilk addımda sosial mənzil layihəsinə inam ciddi şəkildə sarsılıb. Burada bir çoxlarının iddia etdiyi kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin heç bir günahı yoxdur. Onlar birbaşa bu işlə məşğul olmurlar. Bu işlə birbaşa məşğul olan Mənzil İnşaat Dövlət Agentliyi saytı normal şəkildə qurmalı və normal hostinqdə yerləşdirməli idi. Hətta orta səviyyəli mütəxəssis belə həmin saytı normal qura və onu təhlükəsiz şəkildə yerləşdirə bilərdi. Ona görə də yaranmış vəziyyətlə bağlı birbaşa prosesə məsul olan şəxslər izahat verməlidirlər. Hər halda, dövlət üçün əhəmiyyətli olan bu layihə təəssüf ki, ilk gündən ciddi şübhələrlə qarşılaşdı və ona inam sarsıldı”.

Məsələ ilə bağlı MİDA ilə əlaqə saxlamağa çalışsaq da,  təəssüf ki, gün ərzində etdiyimiz zənglərə qarşı tərəfdən cavab verən tapılmadı.

Qeyd edək ki, MİDA-nın Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu-8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksində sosial mənzil olaraq evə sahib olmaq istəyən  şəxslərin verdiyi məlumata görə, mənzillərin satışa çıxarıldığı e-gov.az saytına saat 10:00-dək daxil olmaq mümkün olsa da, saat 10:00-dan sonra sayt işləməyib: “Yeddi cəhddən sonra sistemə yalnız saat 11:08-də daxil ola bildim. Həmin vaxt 260 mənzildən cəmi 6-sı qalmışdı. Onlardan birini seçmək istədim. Lakin bu da mümkün olmadı”.

ELÇİN

www.yenicag.az

2253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv