Sosial müdafiəyə ehtiyacı olanların kredit borcları bağlana bilər

“Neftin qiymətinin büdcədə nəzərdə tutulandan artıq olması fonunda əlavə gələn gəlirin bir hissəsini fikrimcə, əhalinin kredit borclarının ödənilməsinə də yönəltmək mümkündür. Onun nəticəsində müəyyən kateqoriyalı və sosial müdafiəyə ehtiyacı olan insanların kreditlərinin bağlanılmasına baxıla bilər. Lakin bu məsələyə diferensial yanaşmaq lazımdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında neftin artan qiymətləri fonunda büdcədə nəzərdə tutulduğundan artıq gələn gəlirlərin hara xərclənməli olduğuna münasibət bildirərkən Milli Məclisin deputatı Musa Quliyev deyib:

“Düzdür, bütün təbəqədən olan və bütün borcların ödənilməsinə vəsaitin ayrılması həddən artıq risqlidir və daha çox maliyyə tələb edir. Hər halda bu istiqamətdə hesablama və hökumətlə parlament arasında məsləhətləşmələr aparılmalıdır. Onun nəticəsində müəyyən kateqoriyalı və sosial müdafiəyə ehtiyacı olan insanların kreditlərinin bağlanılmasına baxmaq olar. Prezidentin bu yaxınlarda verdiyi sərəncamla 1991-1997-ci illərdə şəhid olmuş, itkin düşmüş hərbi quluqçuların ailələrinə birdəfəlik yardımın verilməsi məsələsi artıq qərarlaşıb. Bu müstəvidə aztəminatlı ailələrin kredit borcalarının, xüsusən də istehlak krediti üzrə borcun yüngülləşdirilməsilə bağlı da qərar verilə bilər”.

Bütün hallarda Musa Quliyev düşünür ki, neftin artan qiymətlərilə əlaqədar dövlət büdcəsinə yenidən baxılması fonunda sosial blok və investisiya layihələrinə daha geniş vəsait ayrılmalıdır: “Cari ildə də büdcəyə yenidən baxıla bilər. Hesab edirəm ki, bu zaman sosial və investisiya sahələrinin daha üstün şəkildə maliyyələşməsinə fikir verilməlidir. Eyni zamanda, səhiyyə, mədəniyyət, idman sahəsinin maliyyələşməsinə də əlavə vəsaitlər ayrıla bilər. Habelə, diplomatik xidmətin keyfiyyət göstəricisinin daha da yüksəlməsinə, diaspora komitəsinə, qaçqın və məvburi köçkünlərlə bağlı olaraq da vəsait artımının baş verəcəyini gözləmək olar. Hər şey təqdim edilən layihədən asılı olacaq. Amma düşünürəm ki, bütün hallarda sosial blok üzrə maliyyələşmənin artımına parlament qərar verəcək”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, əlavə gələn gəlir hesabına büdcəyə yenidən baxılması fonunda büdcə xərcləri də artacaq: “Büdcəyə edilən dəyişikliklər sözsüz ki, büdcə xərclərinin artmasına gətirib çıxaracaq. Bu fonda sahibkarlığın inkişafı istiqamətinə daha çox vəsaitin ayrılması tərəfdarıyıq. Kiçik və orta sahibkarların daha çox güzəştli kreditlərdən istifadə etmələrinə imkan verilməlidir. Artan vəsait birmənalı şəkildə real sektorun inkişafına yönəldilməlidir. Həmçinin, sosial layihələrə də vəsaitin ayrılması məqsədəuyğun olardı. Yəni düşünürəm ki, formalaşmış infrastruktur fonunda növbəti dövrdə büdcə gəlirlərinin artması ilə real sektor və sosial layihələrin maliyyələşməsi daha prioritet olmalıdır.

Sosial layihələri fonunda kredit borclarının ödənilməsinə də baxmaq olar. Xarici valyutada olan kreditlərə güzəştlər tətbiq edilməlidir. Güman edirəm ki, mövcud maliyyə resursları fonunda bu istiqamət üzrə maliyyə vəsaitlərinin ayrılması daha məqsədəuyğundur. Vətəndaşların fərdi borcları deyəndə də daha çox xarici valyutada olan kreditlərə görə devalvasiya nəticəsində yaranmış fərqə tətbiq ediləcək güzəştlərin edilməsi tərəfdarıyıq”.

Qeyd edək ki, Milli Məclis dövlət büdcəsində neftin bir barrelini 45 dollardan götürüb. Amma artıq “qara qızıl”ın qiyməti 80 dollar səviyyəsindədir. Bu isə büdcədə nəzərdə tutulduğuna nisbətən 35 dollar əlavə gəlirin gəlməsi deməkdir.

ELÇİN

COP29