Sosial şəbəkələrdə bloklanan Tramp və Azərbaycan siyasəti: “Bundan dərs çıxarmalıyıq” – Partiya sədri
“Müasir dövrdə bir çox inqilabların və üsyanların baş verməsində əsas rolu sosial şəbəkələr oynayıb”.
Bu fikirləri ABŞ prezidenti Donald Trampın sosial şəbəkə hesablarının bloklanması fonunda siyasətçilərə qarşı atılan bu addıma münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədrinin sözlərinə görə, Donald Tramp siyasətçi olmaqla yanaşı, həm də bir sosial şəbəkə istifadəçisi idi. Ona görə də, Trampa qarşı atılan bu addımı haqsızlıq kimi dəyərləndirmək olar:
“Çünki dünyaya söz və fikir azadlığından danışan dövlətlər əsas mövzu özləri olduqda, “zərurət”dən məhdudiyyət tətbiq etdiklərini göstərirlər. Sosial şəbəkə hesablarının dondurulması həmin insanın ictimaiyyətlə əlaqələrinin kəsilməsinə və informasiya blokadasına salınmasına yol açır. ABŞ-ın timsalında bunun şahidi olduq.
Düşünmürəm ki, bu cür addım başqa ölkələrdə də atılsın. Əksinə, hər hansı dövlətdə təhlükəsizlik məsələsi və ya iğtişaşlarla bağlı sosial şəbəkələrə giriş məhdudlaşdırılanda, alternativ yollara əl atılıb və sosial şəbəkələrə çıxış təmin edilib. Yəni, bir çox inqilabların və üsyanların baş verməsində əsas rolu sosial şəbəkələr oynayıb.
Maraqlıdır ki, ABŞ-dan başqa heç bir ölkədə sosial şəbəkələrə məhdudiyyət qoyulmayıb. Bu, onu göstərir ki, demokratiyadan bəhs edən dövlət məsələ öz təhlükəsizliyinə gələndə, hətta prezidentə qarşı da antidemokratik münasibət sərgiləyə bilir. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti və siyasi cameəsi baş verən bu hadisələrdən özünəməxsus dərslər çıxarmalıdır”.
Gülşən Şərif